“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub.
“Tehsil365” Metbuat.az istinadən xəbər verir ki, təqdimat Qırğızıstanın paytaxtı Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev tərəfindən Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsi, həmçinin “Ən yaxşı jurnalist” medalı təqdim edilib.
İlyasbek Baltaşev qeyd edib ki, “Qırğızıstan Jurnalistlər Birliyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. İlk dəfədir ki, biz ölkə xaricindən jurnalistləri təltif edirik. Bu təltif türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin media müstəvisində gücləndirilməsi, ortaq dəyərlərin təbliği və jurnalistlər arasında peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə verilən qiymətdir”.
İlyasbek Baltaşev onu da vurğulayıb ki, “Azərbaycan və Qırğızıstan media qurumları arasında birbaşa təmasların artırılması iki ölkənin ictimaiyyətinin bir-birini daha yaxından tanıması baxımından əhəmiyyət daşıyır. Qarşılıqlı informasiya mübadiləsi, birgə media layihələri və jurnalistlərin təcrübə paylaşması bu əlaqələrin davamlı inkişafı üçün mühüm imkanlar yaradır”.
Qeyd edək ki, Aqil Ələsgərlə yanaşı, Türk Dünyası Jurnalistlər Federasiyasının təmsilçisi Menderes Demir, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri, dr. Süleyman Basa, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca, Qazaxıstan Jurnalistlər Birliyinin təmsilçisi Bayan Ramazanova, İstanbul Jurnalistlər Federasiyasının təmsilçisi Adil Koçalan və Özbəkistan Jurnalistlər Birliyinin üzvü Holmurod Salimov da medalla təltif olunub və fəxri üzvlüyə qəbul ediliblər.
Xatırladaq ki, Aqil Ələsgər ötən ay Qazaxıstana səfəri çərçivəsində də Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına “Kəməl Ata Kəməngər” ordeni ilə təltif olunub.

