Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri ikitərəfli münasibətlərin gündəliyini nəzərdən keçirmək, iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etmək və qarşılıqlı etimadı gücləndirmək üçün əhəmiyyətli diplomatik fürsətdir.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlərə dair məlumatında 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 1,435 milyard dollar təşkil etdiyi, Hindistanın isə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu bildirilirdi. Bununla belə, ticarət dövriyyəsinin ayrı-ayrı illərdə dəyişməsi onu göstərir ki, mövcud iqtisadi əlaqələri daha dayanıqlı etmək üçün məhsul çeşidini artırmaq, yeni investisiya layihələri yaratmaq və özəl sektorun iştirakını genişləndirmək vacibdir. Hindistanın rəsmi məlumatlarına əsaslanan 2026-cı ilin aprel icmalında 2025-ci il üzrə ikitərəfli ticarət dövriyyəsi 401 milyon dollar təşkil edib.
Nəqliyyat əməkdaşlığı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdəndir. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası Hindistan şirkətlərinin regional ticarət və logistika əməliyyatları üçün istifadə edə biləcəyi infrastruktur imkanlarıdır.
Oktyabrın 23-də Bakıda keçirilən Azərbaycan–Hindistan xarici işlər nazirlərinin geniştərkibli görüşündə də Şərq–Qərb və Şimal–Cənub dəhlizləri, Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və sənaye zonalarının imkanları müzakirə olunub. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səfər zamanı Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi üzrə daha sıx koordinasiyanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər birbaşa aviareyslərin sayının artırılması imkanlarını da müzakirə ediblər. Bu əməkdaşlıq praktik nəticə verərsə, Azərbaycan Hindistanın Avrasiya bazarlarına çıxışında əlavə logistika platformasına çevrilə bilər.
Hindistan şirkətləri də Azərbaycanın liman, dəmir yolu və logistika infrastrukturundan istifadə etməklə daşımaların alternativ marşrutlarını qiymətləndirə bilər. Bunun üçün tranzit xərclərinin, gömrük prosedurlarının və marşrutların etibarlılığının rəqabətədavamlı olması vacibdir. Azərbaycanın coğrafi mövqeyi Hindistan üçün Avrasiya istiqamətində əlavə nəqliyyat imkanları yaradır. “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanı İran və Azərbaycan vasitəsilə Rusiya və şimaldakı bazarlarla əlaqələndirməyi nəzərdə tutan çoxmodal nəqliyyat layihəsidir. S. Cayşankarın səfəri zamanı tərəflərin bu dəhliz üzrə daha sıx koordinasiyaya razılıq verməsi nəqliyyat sahəsinin ikitərəfli gündəlikdə xüsusi yer tutduğunun göstərir ki, bu da təsadüfi xarakter daşımır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan ilə Azərbaycanın arasında ticarət dövriyyəsini artırmaqla yanaşı tranzit sahəsində əməkdaşlıq əlaqələrini genişləndirir. Hər 2 dövlət bu əməkdaşlıqdan faydalana bilər.
Hindistanın “The United Service Institution of India” analitik institutunun eksperti Raciv Narayanan hesab edir ki, Ukraynadakı hadisələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Rusiya üçün mahiyyətini daha da artırıb. Rusiya neft və qaz məhsullarını da bu dəhliz vasitəsilə Asiyaya ixrac etmək imkanına malikdir. Nəzərə almaq lazımdır ki, bu yoldan yalnız Rusiya deyil, keçmiş SSRİ-nin bütün respublikaları istifadə edə bilər. Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə bu dəhliz vasitəsilə Asiya iqtisadi əlaqələrini qurmaq imkanında olurlar. İran ərazisindəki Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra Hindistanın Mumbai limanından başlayaraq Finlandiyanın limanlarında başa çatacaq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara hazır olacaq.
Hindistan ilə Rusiya arasındakı nəqliyyat əlaqəsinin ən optimal və rahat istiqaməti Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yoludur. Bu dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxildir və yüklərin daşınması üçün rahat, ucuz və vaxt qənaəti baxımından əlverişlidir. Rusiyaya ixrac olunan yüklər Hindistanın Mumbayi limanından İranın Çabahar limanına daxil olur, buradan isə qatara yüklənərək Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Rusiyaya (Moskva, Sankt-Peterburq) çatdırılır.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma ilk dəfə 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə Azərbaycanla yanaşı, daha 12 dövlət razılaşmanı imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bu dəhliz Hindistanın Mumbayi limanından başlayaraq İran, Azərbaycan və Rusiyadan keçir və yükləri Avropa dövlətlərinə çatdırır.
Hindistan bu dəhlizin tezliklər istismara verilməsində çox maraqlıdır. Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə 2018-ci ilin may ayında Hindistandan İrana, Azərbaycana və Rusiyaya avtomobillərin böyük avtoyürüşü təşkil edilmişdi.
Göründüyü kimi, Azərbaycanın coğrafi mövqeyi və beynəlxalq nəqliyyat üçün müasir standartlara cavab verən nəqliyyat infrastrukturu Hindistanın nəzərindən qaçmayıb və bu ölkənin xarici işlər nazirinin Azərbaycana səfəri də təsadüfi xarakter daşımır.

