Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan musiqisinin, xüsusilə muğam sənətinin ABŞ-də təbliğinə töhfələr verən Cefri Verbokunun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə BMM-in direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə çıxış edərək yubilyarı təbrik edib, onun Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki fəaliyyətindən söz açıb.
Sahib Paşazadə çıxışında Cefri Verbokunun Azərbaycan muğamını uzaq Amerikada böyük sevgi və sədaqətlə təbliğ etdiyini, xalqımızın zəngin musiqi irsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. O qeyd edib ki, Cefrinin milli musiqimizə, xüsusilə muğam sənətinə bəslədiyi dərin sevgi, tar, kamança və digər milli musiqi alətlərimizə göstərdiyi ehtiram, eləcə də muğamın beynəlxalq miqyasda tanıdılması istiqamətindəki fəaliyyəti xüsusi rəğbətə layiqdir.
BMM-in direktoru Sahib Paşazadə, həmçinin Cefri Verbokunun Azərbaycan musiqisinə olan sevgisindən söz açaraq Ulu Öndər Heydər Əliyevlə görüşünü onun Azərbaycan mədəniyyəti ilə əlaqələrinin əlamətdar məqamı kimi dəyərləndirib. O, Amerika Muğam Cəmiyyətinin prezidenti kimi Cefrinin uzun illər ərzində həyata keçirdiyi fəaliyyətin muğam sənətinin zənginliyinin və bənzərsizliyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışının sonunda Sahib Paşazadə yubilyara gələcək fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan musiqisinə olan sevgisinin daim yaşamasını, muğamlarımızın sədalarının dünyanın müxtəlif guşələrində eşidilməsinə bundan sonra da töhfələr verməsini diləyib. Daha sonra o, Cefri Verboka yubileyi münasibətilə təbrik məktubu təqdim edib.
Tədbir çərçivəsində Cefri Verbokun müəllifi olduğu “Şuşa, sevgilim” sənədli filmi nümayiş etdirilib. Film Qarabağın musiqi yaddaşına, milli-mənəvi dəyərlərinə və sənətkarlarımızın əziz xatirəsinə duyulan hörmətin ifadəsi kimi diqqət çəkib. Ardınca Cefri Verbokunun ifaları dinləyicilərə təqdim edilib. Musiqi proqramından sonra yubilyar tədbir iştirakçılarının suallarını cavablandırıb, auditoriya ilə səmimi söhbət aparıb.

