Mədəniyyətlərarası Dialoq Forumunda dünya miqyasından görkəmli dini xadimlərini bir araya gətirərək dinlərarası dialoqa həsr olunmuş plenar iclas keçiriləcək. Dinlərarası və mədəniyyətlərarası dialoq, eləcə də dini dözümsüzlük üzrə mütəxəssislərimiz dini icmaların sülhquruculuğuna, barışığa və sosial həmrəyliyə necə töhfə verə biləcəyini araşdıracaq, müasir qlobal çağırışların həllində dini dialoqun vacib rolunu vurğulayacaqlar.
“Tehsil365” AZƏRTAC istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad Bakıda oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.
Nihal Saad bildirib ki, forum çərçivəsində Qubada BMTSA-nın gənclər şəbəkəsinin üzvləri daxil olmaqla, 100-dən çox yerli və əcnəbi gənci bir araya gətirən Beynəlxalq Gənclər Forumu təşkil edilib: “İştirakçılar icmaların qarşılaşdığı çətinliklər ətrafında müzakirələr aparıb, həyata keçirdikləri müxtəlif fəaliyyətlər vasitəsilə qarşılıqlı hörmət, etimad və birlik dəyərlərini təşviq ediblər. Qubadakı tədbirlər müxtəlif ölkələrdən gələn gənclərin iştirakı ilə futbol oyunu ilə yekunlaşıb. İnanırıq ki, idman müxtəlif icmaları bir araya gətirən mühüm və rəngarəng bir vasitədir”.

