Həm yaxşı məktəb direktoru, həm də yaxşı yazıçı olmaq böyük cəsarət tələb edir”.
“Tehsil365”AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, yazıçı Rəşad Məcid Leyla Camalzadənin “Küllərindən doğulan qadın” kitabının təqdimat mərasimində çıxışı zamanı qeyd edib.
O bildirib ki, Leyla Camalzadəni 10 ildən artıqdır tanıyır və onun ilk yazılarından etibarən güclü yazı enerjisini, emosional ifadə tərzini hiss edib:
“İlk vaxtlar onun bir neçə yazısını oxumuşdum, bəzilərini isə özü mənə göndərmişdi.Esselərindəki həddindən artıq emosionallıq və enerji mənə göstərirdi ki, bu xanımın daxilində böyük bir yazmaq ehtirası var. Bir neçə dəfə ona dəstək verərək yazmağa davam etməsini, bunun öhdəsindən gələcəyini söyləmişdim.
Günlərin birində Yazıçılar Birliyinə sənədlərini təqdim etdi və birliyə üzv oldu. Bu gün isə ilk kitabının təqdimat mərasimindəyik. Mən də arzulayırdım ki, onun kitabı işıq üzü görsün. İnanıram ki, gələcəkdə Yazıçılar Birliyində, eləcə də Gəncədə kitabın təqdimat mərasimləri keçiriləcək.
Leyla xanımın yazıçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyəti də var. Məktəbdə çalışıb, Azərbaycanda və Türkiyədə müxtəlif təlimlərdə iştirak edib, daha sonra məktəb direktoru seçilib. Buna da çox sevindim.
Bəzən düşünürdüm ki, bu fəaliyyətlər bir-birinə mane ola bilər. Ancaq görürəm ki, belə deyil. Həm yaxşı məktəb direktoru, həm də yaxşı yazıçı olmaq, yazıçılıqdan ayrılmamaq böyük cəsarət tələb edir.
Gəncə ənənələri olan qədim şəhərimizdir. Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi böyük ədəbiyyat nümayəndələrinin adını daşıyan bu şəhərdə ədəbiyyat sahəsində fəaliyyət göstərən dostlarımız olub və mən onları hörmətlə xatırlayıram. Bu gün də Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi öz ənənələrini davam etdirir.
Leyla xanımın kitabını oxumağı səbirsizliklə gözləyirəm. Ayrı-ayrı esselərini oxumaq başqa, onları bir kitabda bütöv şəkildə oxumaq başqadır. Ona gələcək fəaliyyətində bol-bol uğurlar arzulayıram.
Təqdimatda iştirak edənlərin sayının azlığına baxmayın. Hesab edirəm ki, Leyla xanımı sevənlər çoxdur. Məqsədə doğru addım-addım irəliləmək lazımdır. Bu gün burada iştirak edənlər də onu sevən insanlardır.
Arzu edirəm ki, Leyla Camalzadə gələcəkdə yazıçı kimi daha geniş tanınsın. Onu təbrik edir, uğurlar arzulayıram”.

