Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə hazırladığı “Şəhərsalma və Memarlıq İli. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. O, ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən genişmiqyaslı layihələrdən, milli memarlıq irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs edib.
Professor Kərim Tahirov Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə hazırladığı “Şəhərsalma və Memarlıq İli. Biblioqrafiya” kitabı haqqında ətraflı məlumat verib. O, nəşrdə Azərbaycanın müxtəlif tarixi dövrlərdə formalaşmış memarlıq irsi, şəhərsalma ənənələri və müasir şəhərsalma proseslərinə dair kitablar, məqalələr, monoqrafiyalar və digər elmi materiallar haqqında biblioqrafik məlumatların toplandığını bildirib. Qeyd edib ki, biblioqrafiya ölkəmizin qədim memarlıq abidələrindən müasir şəhərsalma konsepsiyalarına qədər geniş bir dövrü əhatə edir. Nəşrdə milli memarlıq ənənələrinin inkişafı, müxtəlif tarixi mərhələlərdə şəhərlərin formalaşması və planlaşdırılması, eləcə də memarlıq üslublarının təkamülü ilə bağlı zəngin məlumatlar öz əksini tapıb.
Direktor vurğulayıb ki, memarlıq və şəhərsalma sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, tələbələr və mövzuya maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulan biblioqrafiya müvafiq ədəbiyyatın axtarışını asanlaşdıran, elmi araşdırmaların aparılmasına dəstək verən dəyərli informasiya mənbəyidir.
Daha sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə çıxış edərək Azərbaycan memarlığının zəngin tarixi irsindən, milli memarlıq məktəbinin formalaşma və inkişaf mərhələlərindən, eləcə də müasir memarlıqda milli ənənələrin qorunmasının əhəmiyyətindən danışıb. O, memarlıq irsinin elmi əsaslarla araşdırılması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq təqdim olunan biblioqrafik nəşrin bu istiqamətdə aparılan tədqiqatlar üçün mühüm elmi-informasiya mənbəyi olduğunu bildirib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə çıxışında Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələrdən, müasir şəhər mühitinin formalaşdırılmasında memarlıq və şəhərsalma prinsiplərinin rolundan bəhs edib. O, tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma tələblərinin uzlaşdırılmasının əhəmiyyətini qeyd edərək “Şəhərsalma və Memarlıq İli. Biblioqrafiya” nəşrinin bu sahədə mövcud elmi və informasiya resurslarının sistemləşdirilməsi, tədqiqatların aparılması və memarlıq irsinin təbliği baxımından dəyərli mənbə olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda “Şəhərsalma və Memarlıq İli” adlı elektron məlumat bazasının təqdimatı keçirilib. İştirakçılara məlumat bazasının strukturu, məzmunu, axtarış imkanları və istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, elektron məlumat bazası mövzuya dair informasiya resurslarına operativ və rahat çıxışın təmin olunmasına və milli memarlıq irsinin təbliğinə xidmət edir.

