Əminə Məlikovanın müəllifi olduğu “Xalçalarda xoşbəxtlik. Xalçanın sizi xoşbəxt edə bilməsinin 10 səbəbi” kitabı Azərbaycan xalçasının insan həyatındakı emosional, psixoloji və mənəvi əhəmiyyətini araşdırır. Nəşrdə xalçaçılıq sənətinə yalnız sənətkarlıq və elmi baxımdan deyil, insan təcrübəsi və hissləri prizmasından yanaşılır.
“Tehsil365” xəbər verir ki, kitabın təqdimatı XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.
Kitabda Azərbaycan xalçasının xalqın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə bağlılığı ön plana çəkilir. Müəllif xalçaların insanlarda yaratdığı hissləri müxtəlif sosial kontekstlərdə nəzərdən keçirərək oxucuya bu sənət nümunələrinə fərqli prizmadan baxmağı təklif edir.
Nəşrdə uşaqlıq xatirələri, sevgi, sənət və tənhalıq kimi mövzular xalça ilə əlaqələndirilir. Müəllif şəxsi təcrübələrindən çıxış edərək xalçaların insan yaddaşında tutduğu yeri və onların sevinc, ümid və xoşbəxtlik hissləri ilə əlaqəsini izah edir.
Kitab Azərbaycan xalçasının yalnız maddi mədəniyyət nümunəsi deyil, həm də insan duyğularını, xatirələrini və həyat təcrübələrini özündə birləşdirən mənəvi irs olduğunu vurğulayır.

