"Uşaqlarda aqressiv davranış müxtəlif emosional çətinliklərin, qarşılanmayan ehtiyacların və ya yaşanan problemlərin göstəricisi ola bilər. Mütəxəssislər hesab edirlər ki, belə hallarda uşağı yalnız cəzalandırmaq və davranışını dayandırmağa çalışmaq əvəzinə, aqressiyanın səbəblərini araşdırmaq vacibdir".
Bu fikirləri “Tehsil365”ə uşaq psixoloqu Mətanət Əliyeva deyib. O bildirib ki, xüsusilə kiçik yaşlarda uşaqlar emosiyalarını sözlə ifadə etməkdə çətinlik çəkdikləri üçün qəzəb, qorxu, qısqanclıq və incikliklərini aqressiv davranışlarla büruzə verə bilərlər.
“Uşaqlarda aqressiv davranış gördükdə ilk olaraq onu sadəcə ‘pis davranış’ kimi qiymətləndirmək düzgün deyil. Psixoloji baxımdan aqressiya çox vaxt uşağın ifadə edə bilmədiyi emosiyanın, qarşılanmayan ehtiyacın və ya yaşadığı çətinliyin davranış vasitəsilə üzə çıxmasıdır. Xüsusilə kiçik yaşlarda uşağın emosional özünütənzimləmə bacarıqları hələ tam formalaşmadığı üçün qəzəb, məyusluq, qorxu, qısqanclıq və ya incikliyi sözlə ifadə etmək əvəzinə vurmaq, itələmək, qışqırmaq və ya əşyaları atmaq kimi davranışlarla göstərə bilər”, – deyə psixoloq qeyd edib.
Mətanət Əliyevanın sözlərinə görə, uşaqlarda aqressiv davranışların yaranmasına ailədaxili münaqişələr, sərt və cəzalandırıcı tərbiyə üsulları, emosional ehtiyacların qarşılanmaması, məktəbdə yaşanan çətinliklər, həmyaşıdları tərəfindən qəbul edilməmək və bullinqə məruz qalmaq kimi amillər təsir göstərə bilər.
“Bəzən uşağın özü zorakılığın qurbanı olduğu halda, bunu başqa uşaqlara qarşı aqressiya şəklində ifadə etdiyini də görürük”, – deyə o vurğulayıb.
Psixoloq bildirib ki, uşaqların davranışlarının formalaşmasında ailədə müşahidə etdikləri münasibətlər də mühüm rol oynayır. Onun sözlərinə görə, əgər uşaq problemlərin qışqırmaq, təhqir etmək və ya fiziki güc tətbiq etməklə həll olunduğunu görürsə, zamanla bu davranışları münasibət qurma üsulu kimi mənimsəyə bilər. Yaşa uyğun olmayan zorakı rəqəmsal məzmuna davamlı məruz qalmaq da bəzi uşaqlarda aqressiv reaksiyaların normallaşmasına təsir göstərə bilər.
Mütəxəssis qeyd edib ki, diqqət və impuls nəzarətində çətinliklər, emosiyaları idarə edə bilməmək, yüksək narahatlıq, akademik uğursuzluq hissi və aşağı özünüqiymətləndirmə də uşaqlarda aqressiv davranışlarla müşahidə oluna bilər.
“Buna görə də yalnız davranışı dayandırmağa çalışmaq çox vaxt kifayət etmir. Əsas sual ‘Bu uşaq niyə belə edir?’ deyil, ‘Bu davranışla bizə nə deməyə çalışır?’ olmalıdır”, – deyə Mətanət Əliyeva bildirib.
Uşaq psixoloqu valideynlərə aqressiv davranışın nə zaman və hansı şəraitdə yarandığını diqqətlə müşahidə etməyi tövsiyə edib. O bildirib ki, uşağın dərsdə çətinlik çəkdiyi, paylaşmağa məcbur olduğu, uduzduğu, yorğun və ya ac olduğu vəziyyətlərdə davranışına diqqət yetirmək problemin səbəbini anlamağa kömək edə bilər.
M.Əliyevanın sözlərinə görə, uşağa “sən aqressivsən” və ya “sən pis uşaqsan” demək əvəzinə, onun şəxsiyyətini davranışından ayırmaq lazımdır.
“‘Əsəbiləşməyini anlayıram, amma vurmaq olmaz’ mesajı daha sağlamdır. Burada həm emosiyanı qəbul edirik, həm də davranışa aydın sərhəd qoyuruq. Çünki bütün emosiyalar qəbul edilə bilər, amma bütün davranışlar qəbul edilə bilməz”, – deyə o qeyd edib.
Psixoloq əlavə edib ki, valideynlər uşaqlara emosiyalarını tanımağı və sözlə ifadə etməyi öyrətməlidirlər. Uşağın əsəbiləşdiyini, incidiyini və ya tək qalmaq istədiyini sözlə ifadə etməyi bacarması onun hisslərini fiziki davranışlarla göstərmək ehtiyacını azalda bilər.
Mütəxəssis valideynlərin aqressiyaya verdiyi reaksiyanın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, uşağın aqressiv davranışına qışqırmaqla və ya fiziki cəza ilə cavab vermək problemin həllinə kömək etmir, əksinə, aqressiyanın münaqişələri həll etmək vasitəsi olduğu düşüncəsini gücləndirə bilər. Bu baxımdan aydın sərhədlər, ardıcıl qaydalar və sakit, lakin qətiyyətli münasibət daha effektiv yanaşmadır.
Mətanət Əliyeva bildirib ki, aqressiv davranışlar intensivləşdikdə, davamlı xarakter aldıqda, uşaq özünə və ya başqalarına zərər verdikdə, eləcə də ailə və məktəb münasibətlərinə ciddi təsir göstərdikdə mütəxəssisə müraciət etmək vacibdir.
“Ümumiyyətlə, mən hesab edirəm ki, uşaq aqressiyasına yalnız davranış problemi kimi deyil, bir mesaj kimi baxmaq lazımdır. Bəzən uşaq sözlə ‘mən çətinlik çəkirəm’ deyə bilmir və bunu davranışı ilə göstərir. Böyüklərin əsas vəzifəsi yalnız həmin davranışı dayandırmaq deyil, onun arxasında hansı emosiyanın, ehtiyacın və ya problemin olduğunu vaxtında görməkdir”, – deyə uşaq psixoloqu fikirlərini yekunlaşdırıb.

