“Azərbaycanda adambaşına maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri və təhsilin səviyyələrinə uyğun artım əmsalları təsdiqlənib”.
“Tehsil365” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.
Qərara əsasən, bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləği tam orta ümumtəhsil məktəblərində 2000 manat, lisey və gimnaziyalarda 2200 manat müəyyən edilib. Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində bu məbləğ 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat təşkil edir.
Sənədə əsasən, müəyyən edilmiş məbləğlər baza xərcləridir və ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə müvafiq artım əmsalları tətbiq olunur.
Belə ki, ibtidai təhsil səviyyəsi üçün artım əmsalı 1,00, ümumi orta təhsil səviyyəsi üçün 1,25, tam orta təhsil səviyyəsi üçün isə 1,70 müəyyənləşdirilib.
Qaydalara görə, dövlət ümumi təhsil müəssisəsinə ayrılacaq illik maliyyələşmənin ümumi həcmi hər təhsil səviyyəsi üzrə şagirdlərin sayının həmin səviyyə üçün müəyyən edilmiş illik xərc məbləğinə vurulması və alınan nəticələrin cəmlənməsi yolu ilə hesablanacaq.
Həmçinin, hər növbəti təqvim ili üçün adambaşına maliyyələşdirmə prinsipi ilə maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısı və təhsilalanların sayı Elm və Təhsil Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək.
Qərara əsasən, Elm və Təhsil Nazirliyi ilə müvafiq dövlət ümumi təhsil müəssisəsi arasında hər il sentyabrın 15-dək nümunəvi çərçivə müqaviləsi imzalanacaq. Maliyyələşmə vəsaitinin müəssisənin müvafiq bank və ya xəzinə hesabına rüblər üzrə köçürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, adambaşına maliyyələşdirmə prinsipi dövlət ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə tətbiq edilir. Qərar 2026-cı il sentyabrın 15-dən qüvvədədir.

