“Azərbaycanda kibertəhlükələrin aşkarlanması, intellektual optik şəbəkələrin yaradılması və süni intellekt dəstəkli mobil robotların hazırlanması istiqamətində elmi tədqiqatlar davam etdirilir”.
“Tehsil365” xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının iclasında qrant layihələrinin icra vəziyyəti və görülən işlər müzakirə olunarkən məlumat verilib.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Əliquliyev Azərbaycan Texniki Universitetinin maliyyələşdirdiyi qrant layihələri çərçivəsində aparılan araşdırmalar, əldə olunan nəticələr və layihələrin icra vəziyyəti barədə məlumat verib.
Bildirilib ki, tədqiqatlar çərçivəsində neft hasilatında enerji sərfiyyatının optimallaşdırılması məsələləri də araşdırılır. Layihələrin fəaliyyət planına uyğun olaraq mütəmadi elmi seminarlar keçirilir, tədqiqat istiqamətləri müzakirə olunur və elmi məqalələr hazırlanır.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru Rasim Əliquliyev elmi tədqiqatlara dəstəyin gücləndirilməsinin, xüsusilə gənclərin araşdırmalara və qrant layihələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, bu istiqamətdə aparılan tədqiqatlar elm və təhsil arasında əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

