“Süni intellekt iqtisadi təhlil, maliyyə proqnozlaşdırılması və biznes qərarlarının qəbulunda yeni imkanlar yaradır. Bu texnologiyaların iqtisadi proseslərə təsiri UNEC-də keçirilən maarifləndirici tədbirdə müzakirə olunub”.
“Tehsil365” xəbər verir ki, oktyabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində “Süni intellekt dövründə iqtisadiyyat: rəqəmlərdən qərarlara” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri, dosent Təranə Əliyeva çıxış edərək süni intellektin iqtisadi proseslərə təsiri, məlumatların təhlilində rolu və qərarvermə imkanları barədə məlumat verib.
Seminar zamanı süni intellekt texnologiyalarının iqtisadi təhlildə, maliyyə proqnozlaşdırılmasında və resursların səmərəli idarə olunmasında tətbiqi məsələlərinə toxunulub. Həmçinin bu texnologiyaların biznes qərarlarının qəbulunda istifadəsi müzakirə edilib.
Tədbirdə rəqəmsal texnologiyalardan düzgün istifadə, məlumatların etibarlılığının qiymətləndirilməsi və texnoloji yeniliklərin yaratdığı imkanlar da diqqət mərkəzində olub.
Sonda tələbələrin sualları cavablandırılıb.

