“Uşaqların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, maliyyə savadlılığının artırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə “MiniBoss” Beynəlxalq Biznes Məktəbində xüsusi təhsil proqramı həyata keçirilir”.
“Tehsil365” xəbər verir ki, bu barədə “Report”un “Baku TV”nin hazırladığı reportaja istinadən yaydığı məlumatda bildirilib.
Proqram 6-17 yaşlı uşaqları əhatə edir. İştirakçılar nəzəri biliklərlə yanaşı, öz biznes ideyalarını yaratmağı, layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər.
Proqramın əsas xüsusiyyətlərindən biri uşaqlara ideyalarını sərbəst şəkildə inkişaf etdirmək imkanı yaratmasıdır. Şagirdlər müxtəlif layihələr üzərində işləyir və müəllimlərin dəstəyi ilə öz fikirlərini biznes layihələrinə çevirirlər.
Tədris prosesi praktiki fəaliyyətlə də müşayiət olunur. Çempionatdan əvvəl iştirakçılar hazırladıqları layihələri təqdim edir və müəyyən maliyyə dəstəyi əldə edirlər. Daha sonra ayrılan vəsait hesabına real məhsul hazırlayaraq çempionatda iştirak edirlər.
Bu yanaşma uşaqlara biznes proseslərini yaxından öyrənmək, komanda şəklində işləmək, ünsiyyət qurmaq və müstəqil qərarlar qəbul etmək bacarıqlarını inkişaf etdirmək imkanı verir.
Qeyd olunub ki, “MiniBoss” Beynəlxalq Biznes Məktəbinin şagirdləri mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edir və müxtəlif mükafatlar qazanırlar. Növbəti dünya çempionatının bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi planlaşdırılır.

