“Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin Elm və Texnologiya Universitetinin Elm və İnnovasiya Mərkəzi arasında əməkdaşlığın qurulması istiqamətində razılıq əldə olunub. Əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların aparılması, tələbə mübadiləsi və innovasiya sahəsində yeni imkanların yaradılması nəzərdə tutulur”.
“Tehsil365” xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin rəsmi saytında məlumat verilib.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının təşkili, eləcə də tələbə və akademik heyət mübadiləsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin süni intellekt və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına toxunublar. Bu istiqamətdə birgə elmi araşdırmaların aparılması və yeni texnologiyaların tətbiqi ilə bağlı təşəbbüslərin reallaşdırılması nəzərdən keçirilib.
Əməkdaşlıq çərçivəsində BMU-da Çin universitetinin Elm və İnnovasiya Mərkəzinin HUB-larından birinin yaradılması imkanının da nəzərdən keçirildiyi bildirilib. Belə bir təşəbbüsün universitetlər arasında elmi əlaqələrin gücləndirilməsinə və innovativ layihələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, beynəlxalq universitetlərlə əməkdaşlığın genişləndirilməsi ali təhsil müəssisələrinin elmi potensialının artırılması, tələbələrin beynəlxalq təcrübə qazanması və müasir texnologiyalar üzrə biliklərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

