“XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində professor Asif Hacıyevin “Geopoetika” adlı monoqrafiyasının təqdimatı keçirilib”.
“Tehsil365” xəbər verir ki, tədbir oktyabrın 26-da Bakı Ekspo Mərkəzinin Məhəmməd Füzuli təqdimat zonasında Azərbaycan Universitetinin təşkilatçılığı ilə baş tutub.
Filologiya elmləri doktoru Asif Hacıyevin müəllifi olduğu kitab tarixi-coğrafi mühitin xalqın düşüncə tərzinə, mədəniyyətinə, folkloruna, ədəbiyyatına və dilinə təsirini araşdıran geopoetika anlayışının nəzəri və metodoloji əsaslarına həsr olunub.
Müəllifin sözlərinə görə, monoqrafiya filoloji tədqiqatlarda və müvafiq sahələr üzrə mütəxəssis hazırlığında istifadə oluna biləcək elmi bazanın formalaşdırılmasına xidmət edir.
Təqdimatda professorlar Rüstəm Kamal, Seyfəddin Rzasoy, Telman Cəfərov və digər alimlər çıxış edərək kitabın Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda müəllif oxucularla görüşüb və kitablarını imzalayıb.

