“Ötən tədris ilində 250 azərbaycanlı tələbə Niderlandın universitetlərinə qəbul olunub”.
“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, Niderlandın aparıcı universitetləri uzun illərdir Azərbaycanın Xaricdə Təhsil üzrə Dövlət Proqramında təmsil olunur.
Ceyhun Bayramovun sözlərinə görə, Niderland universitetlərinə qəbul olunan tələbələrin hamısı Dövlət Proqramı çərçivəsində təhsil almır. Onların bir qismi ali təhsil müəssisələrinə müstəqil şəkildə müraciət edərək qəbul qazanıb.
XİN rəhbəri iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq sahəsində də uğurlu təcrübənin olduğunu vurğulayıb.
Qeyd edək ki, Niderland universitetləri Azərbaycanlı tələbələr üçün xaricdə ali təhsil imkanları təqdim edən istiqamətlərdən biridir.

