Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova oktyabrın 17-də Türkiyənin İzmir şəhərində Ege Universitetinin təşkilatçılığı ilə keçirilən “Uluslararası Türk Dünyası Modernleşmesi IV: Türk Dünyasında Dil” beynəlxalq simpoziumunda onlayn iştirak edib.
“Tehsil365” xəbər verir ki, Aynurə Hüseynova simpoziumda “Bürhani-həqiqət və Lək-lək jurnallarında milli məsələlərin ifadə üsulları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə XX əsrin əvvəllərində İrəvanda Azərbaycan türkcəsində nəşr olunan “Bürhani-həqiqət” (1917) və “Lək-lək” (1914) jurnallarının tarixi, Qərbi Azərbaycan mətbuatındakı yeri, milli və ictimai fikrin inkişafında rolu haqqında məlumat verilib.
Məruzədə sözügedən nəşrlərin milli şüurun formalaşmasına, dilin qorunmasına və maarifçilik ideyalarının yayılmasına verdiyi töhfələr vurğulanıb.
Simpoziumun sonunda Aynurə Hüseynovaya iştirakına görə sertifikat təqdim olunub.

