Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın Dövlət Tənzimlənməsi Kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşan Əhmədov Türkiyənin İstanbul şəhərində “İstanbul Sənaye Palatasında” Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorluğunun - Net4society ilə birgə təşkil etdiyi “Multidisiplinar Tədqiqat və İnnovasiya Nəticələrinin Qiymətləndirilməsi üçün Praktik Rəhbərlik” mövzusunda keçirilən təlimlərdə iştirak edib.
“Tehsil365” xəbər verir ki, təlim çərçivəsində multidisiplinar tədqiqatların və innovasiya fəaliyyətlərinin qiymətləndirilməsi, elmi nəticələrin praktiki tətbiq imkanlarının müəyyənləşdirilməsi və onların iqtisadi və sosial dəyərə çevrilməsi məsələləri müzakirə olunub.
İştirakçılar tədqiqat nəticələrinin kommersiyalaşdırılması və digər dəyərləndirmə yollarının seçilməsi, əqli mülkiyyət aktivlərinin müəyyənləşdirilməsi və qorunması, nəticələrdən istifadə imkanlarının idarə olunması, eləcə də elmi nailiyyətlərin praktiki tətbiqinin təşviqi üzrə yanaşmalarla tanış olublar.
Qrup işləri və praktiki tapşırıqlar vasitəsilə tədqiqatın məqsədlərinə uyğun qiymətləndirmə metodlarının seçilməsi, nəticələrdən faydalanacaq hədəf qruplarının müəyyən edilməsi, elmi biliklərin siyasətə, iqtisadiyyata və cəmiyyətə təsirinin artırılması, həmçinin tədqiqat nəticələrinin praktikada tətbiqini təmin edən mexanizmlərin formalaşdırılması məsələləri üzərində iş aparılıb.
Təlim elmi tədqiqatların yalnız nəticələrinin deyil, onların cəmiyyət üçün yaratdığı dəyərin, tətbiq imkanlarının və real təsirinin qiymətləndirilməsinin əhəmiyyətini ön plana çıxarıb.

