Mədəni irs nümunələrinin bərpası zamanı hər bir abidəyə fərdi yanaşılmalı, onun tarixi əhəmiyyəti, mürəkkəbliyi və nəsillər arasında oynadığı rol nəzərə alınmalıdır. Bu prosesdə iqtisadi və maliyyə amilləri mühüm olsa da, mədəniyyəti və tarixi dəyərləri yalnız kəmiyyət göstəriciləri ilə qiymətləndirmək mümkün deyil.
“Tehsil365” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası təcrübəsi bu sahədə fərqli yanaşmaların tətbiqinin vacibliyini göstərir.
Emin Hüseynov Ağdamdakı Çörək Muzeyini və Çay evini nümunə göstərərək bildirib ki, hər iki tikili sovet dövründə inşa olunsa da, hazırda onların qorunması və bərpasına fərqli yanaşılır.
“Çörək Muzeyinin divarındakı mozaika xüsusi əhəmiyyət daşıyır. Burada Novruz, kəlağayı və saz kimi Azərbaycan xalqının milli kimliyini və ənənəvi dəyərlərini əks etdirən elementlər təsvir olunub. Muzeyin dağıdılmasına baxmayaraq, mozaikanın yerləşdiyi divarın bir hissəsi mövcuddur və həmin qalıqlar müharibənin dağıdıcı nəticələrini gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə də həmin hissənin olduğu kimi konservasiya edilməsi qərara alınıb”.
E.Hüseynov Ağdamdakı Çay evinin isə müasir elementlərdən istifadə edilməklə yenidən inşa edildiyini qeyd edib. O bildirib ki, vaxtilə ağdamlılar arasında böyük rəğbət qazanan bu məkan zamanla şəhərin mədəni həyatının bir hissəsinə çevrilib. Buna görə də Çay evinin bərpası həmin dəyərin yenidən yaşadılmasına xidmət edir.
Xüsusi nümayəndə vurğulayıb ki, mədəni irs abidələrinin bərpası bəzən böyük maliyyə vəsaiti tələb etsə də, bu, onların qorunmasından imtina üçün əsas ola bilməz. Çünki tarixi və mədəni irs xalqın milli kimliyinin ayrılmaz hissəsidir və onun itirilməsi həmin kimliyin bir hissəsinin itirilməsi deməkdir.

