Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır. Dövlətlər arasında əməkdaşlıq zəngin mədəni irsimizin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Ortaq keçmişimizi ümumi gələcəyimizlə birləşdirən mədəni irsimizin qorunması birgə səylərimizin əsas istiqamətlərindən biridir.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq Təşkilatların 3-cü Yüksəksəviyyəli Görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.
Aktotı Raimkulova diqqətə çatdırıb ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk irsi rəqəmsal platforması” yaradılıb. “Platformanın əsas məqsədi Türk dünyasının maddi və qeyri-maddi mədəni irsini vahid məkanda bir araya gətirməkdir. Süni intellekt texnologiyaları mədəni irsin qorunması və təbliği üçün yeni imkanlar yaradır. Ortaq mədəni irsimiz bizim üçün mühüm ilham mənbəyidir və onun əsasında mədəni əməkdaşlığımızı daha da gücləndirə bilərik”,- deyə o əlavə edib.

