Keniyanın Mombasa şəhərində yerləşən, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan “Fort Jesus” kompleksində Suahili Mədəniyyət Kitabxanasının açılışı və “İRS-Urithi” jurnalının suahili dilində ilk nömrəsinin təqdimatı mərasimi keçirilib. Kitabxana Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) maliyyə dəstəyi ilə yenidən qurulub.
“Tehsil365” xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Mombasa qubernatorunun ofisinin, Keniya Milli Muzeylərinin, “Swahilipot Hub” Fondunun, Azərbaycanın Keniyadakı səfirliyinin və Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin dəstəyi ilə keçirilən mərasimdə ictimai-siyasi xadimlər, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev mədəni dialoqun əhəmiyyətini vurğulayıb. O, “Fort Jesus” Suahili Mədəniyyət Kitabxanası layihəsinin, eləcə də Nayrobi Milli Muzeyinə dəstək təşəbbüsünün həyata keçirilməsində AİDA ilə səmərəli əməkdaşlığa görə Keniya Milli Muzeylərinə təşəkkür edib.
Səfir, həmçinin bu aydan etibarən Azərbaycan Dillər Universitetində suahili dilinin keniyalı müəllim tərəfindən tədris olunmağa başladığını diqqətə çatdırıb.
“İRS” beynəlxalq jurnalının baş redaktoru, Bakı Dövlət Universitetinin Mədəni İrsi Araşdırmaları Mərkəzinin direktoru Musa Mərcanlı nəşrin yaranma tarixi, inkişaf mərhələləri və beynəlxalq fəaliyyəti barədə məlumat verib. O, 22 dildə nəşr olunan və dünyanın 60-dan çox ölkəsində yayılan jurnalın suahili dilində ilk nömrəsinin hazırlanmasına və təqdimatına dəstək göstərən bütün tərəfdaşlara minnətdarlığını bildirib.
Tədbirdə Keniya Milli Muzeylərinin Direktorlar Şurasının sədri Edvin Ceykob Abonyo, qurumun baş direktoru professor Meri Gikungu, Keniya Prezidentinin xüsusi nümayəndəsi səfir Filip Tiqo, Mombasa Hüquqşünaslar Cəmiyyətinin sədri Nataşa Ali, Pvani Universitetinin vitse-rektor professor Ceyms Kahindi və “Swahilipot Hub” Fondunun təsisçisi Mahmud Nur çıxış ediblər.
Natiqlər layihələrin həyata keçirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib, bu cür humanitar təşəbbüslərin xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
Kitabxananın yenilənməsi layihəsinin təşəbbüskarlarından biri olan Keniya Prezidentinin qızı, gənclər çempionu Şarlin Rutonun təbrikləri və xoş arzuları tədbir iştirakçılarına çatdırılıb.
Yenidən qurulmuş kitabxanada Azərbaycan guşəsi də yaradılıb.
Qeyd edək ki, “İRS-Urithi” jurnalının ilk nömrəsi noyabrın əvvəlində Azərbaycanın Keniyadakı səfirinin diplomatik missiyasının başa çatması münasibətilə keçirilən görüşlərdə bu ölkənin yüksəkvəzifəli rəsmilərinə təqdim olunacaq.

