Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayevin 600-dən çox kitabı dünyanın 30-dan artıq dilinə tərcümə olunub və ümumilikdə 32 milyon tirajla işıq üzü görüb. Prezident Kitabxanasının fondunda isə ədibin üç dildə 170 adda kitabı mühafizə olunur. Çingiz Abdullayevin əsərləri oxucularımızın ən çox soruşduğu və oxumaq istədiyi kitablardandır.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Xalq yazıçısı Çingiz Abdullayevlə Prezident Kitabxanasının oxu zalında keçirilən oxucularla görüşü çərçivəsində jurnalistlərə açıqlamasında kitabxananın direktoru, professor Afət Abbasova bildirib.
Direktor kitabxanada keçirilən analoji tədbirlərin əhəmiyyətinə diqqət çəkib: “Prezident Kitabxanasında çağdaş Azərbaycanın elm xadimləri, ədibləri, ictimai xadimləri ilə gənclərin görüşünün keçirilməsi nəzərdə tutulur. Bu silsilədən bu gün Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilir. Görüşdə əsasən ali məktəblərin tələbələri, ictimai xadimlər, ziyalılar, elm adamları iştirak edirlər. Belə təşəbbüslər ədəbi mühitin zənginləşməsinə, gənclərin mütaliəyə cəlb olunmasına və maariflənməsinə böyük töhfə verəcək”.

