Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universitetinin (Unistra) professoru və “ICube” laboratoriyasının tədqiqatçısı Morqan Madekin iştirakı ilə “Maqnit lokalizasiyasının biotibbdə tətbiqi” mövzusunda tədqiqat seminarı keçirilib.
“Tehsil365” xəbər verir ki, bu haqda Azərbaycan-Fransız Universiteti (UFAZ) öz rəsmi hesabında paylaşım edib.
Seminarda maqnit sahələri və sensorlar vasitəsilə tibbi cihazların dəqiq izlənməsini təmin edən maqnit lokalizasiyası texnologiyasının iş prinsipləri və biotibbi mühəndislikdə tətbiq imkanları müzakirə olunub. Minimal invaziv cərrahiyyədə istifadə edilən bu texnologiya tibbi cihazların hərəkətini birbaşa vizual müşahidəyə ehtiyac olmadan izləməyə və onların istiqamətləndirilməsinə imkan verir.
Təqdimat zamanı Morqan Madek Strasburq Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə fəaliyyəti çərçivəsində çalışan “ICube” laboratoriyasında aparılan tədqiqatlardan nümunələr təqdim edib. Bu tədqiqatlar arasında maqnit rezonans tomoqrafiyası (MRT) zamanı kateterlərin izlənməsi, dərin beyin stimulyasiyası üçün elektrodların implantasiyasına nəzarət, qarın boşluğunda krioterapiya zamanı iynələrin istiqamətləndirilməsi və ortopedik tətbiqlər üçün tibbi alətlərin üçölçülü formasının bərpası yer alıb.
Professor qeyd olunan texnologiyaların tibbi müdaxilələrin dəqiqliyinin artırılmasında və mürəkkəb prosedurlar zamanı tibbi cihazların mövqeyinin müəyyənləşdirilməsində rolunu diqqətə çatdırıb. Təqdimatda, həmçinin maqnit sahələrinin və sensor sistemlərinin imkanlarından istifadə etməklə daha dəqiq və etibarlı tibbi izləmə həllərinin hazırlanması istiqamətində aparılan işlərə toxunulub.
Seminarın sonunda iştirakçılar suallarını ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Tədbir biotibbi mühəndislik sahəsində müasir tədqiqatların və innovativ texnologiyaların tətbiqinin müzakirəsi üçün imkan yaradıb.

