Oktyabrın 27-də Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Belçikanın Egmont – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan-Avropa İttifaqı Beyin Mərkəzlərinin I Forumu keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər” mövzusunda təşkil olunan forumun açılışında Egmont İnstitutunun baş elmi əməkdaşı Bernard Siman çıxış edərək beyin mərkəzlərinin yeni ideyaların formalaşdırılmasında, strateji yanaşmaların inkişaf etdirilməsində və gələcək tendensiyaların proqnozlaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Beynəlxalq münasibətlərdə baş verən son proseslərə toxunan Bernard Siman Ukraynada müharibənin davam etdiyi şəraitdə Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya uzanan alternativ ticarət marşrutlarının əhəmiyyətini xüsusi qeyd edib. Onun fikrincə, Avropa İttifaqı ilə Azərbaycanın qarşısında duran əsas vəzifə dəyişən geosiyasi və geoiqtisadi şəraitin yaratdığı imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığı konkret istiqamətlər üzrə inkişaf etdirmək, mövcud fikir ayrılıqlarını konstruktiv dialoq yolu ilə idarə etmək və digər güc mərkəzlərinin rəqabət aparan maraqlarından irəli gələn geosiyasi prosesləri düzgün qiymətləndirməkdir.
BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bu il Avropa institutlarının rəhbərlərinin Azərbaycana səfərlərinin tərəfdaşlığın gücləndirilməsinə qarşılıqlı marağı əks etdirdiyini bildirib. O, bu səfərlərin Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcəyini qeyd edib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə toxunan Fərid Şəfiyev Vaşinqton sammitindən sonra əldə olunan irəliləyişi qeyd etməklə yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyini vurğulayıb. O, imzalanması nəzərdə tutulan sülh sazişinin bu iddiaları ehtiva edən konstitusiya müddəaları ilə ziddiyyət təşkil etməməli olduğunu bildirib və mümkün həll yollarının müəyyənləşdirilməsində Avropanın tarixi təcrübəsinin əhəmiyyətinə diqqət çəkib.
Fərid Şəfiyev, həmçinin Azərbaycan və Ermənistan arasında birbaşa təmasların üçüncü tərəflərin iştirakı ilə aparılan proseslərdən daha səmərəli olduğunu qeyd edərək Avropa siyasətçilərini sülh prosesinə töhfə verən qüvvələrlə bu prosesə mane olanları fərqləndirməyə çağırıb. O, Azərbaycanın sülhün təşviqinə yönəlmiş siyasətinə sadiq qaldığını diqqətə çatdırıb.
Daha sonra panel sessiyalar işinə başlayıb.
Egmont İnstitutunun baş elmi əməkdaşı Bernard Simanın moderatorluğu ilə keçirilən “Azərbaycan-Avropa İttifaqı münasibətləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda birinci paneldə Romada yerləşən Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) elmi direktoru Valeria Giannotta, Qarabağ Universitetinin dekanı Elmar Mustafayev, Avropa Siyasəti Mərkəzinin proqram rəhbərinin müavini və baş elmi əməkdaşı Amanda Paul, Ágora Diplomática təşkilatının vitse-prezidenti Jordi Xucla, Praqa Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Mats Braun və Siena Universitetinin elmi tədqiqatçısı Fabio Indeo çıxış ediblər.
Müzakirələrdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın gücləndirilməsi, enerji tərəfdaşlığı, regional təhlükəsizlik, eləcə də geosiyasi və geoiqtisadi dəyişikliklərin ikitərəfli münasibətlərə təsiri diqqət mərkəzində olub.
Rusiya, Avropa və Asiya Araşdırmaları Mərkəzinin (CREAS, Belçika) təsisçisi və direktoru Theresa Fallonun moderatorluğu ilə “Avropa İttifaqı və Cənubi Qafqazın regional təhlükəsizliyi” mövzusunda keçirilən ikinci paneldə Beynəlxalq Sülh İnstitutunun (IIP, Avstriya) direktoru Stephanie Fenkart, Egmont İnstitutunun baş elmi əməkdaşı Reinhold Brender, Milli Məclisin deputatı Qaya Məmmədov, LINKS Europe Fondunun direktoru Dennis Sammut, Tədqiqat və Siyasət Quruculuğu Mərkəzinin (CRPM) təsisçisi və “Ana Tereza” İctimai Siyasət Məktəbinin direktoru professor Zhidas Daskalovski, eləcə də Buxarest Milli İnformatika Tədqiqatları və İnkişafı İnstitutunun (ICI Bucharest, Rumıniya) baş direktoru Adrian Vevera çıxış ediblər.
Panel iştirakçıları Avropa İttifaqının Cənubi Qafqazda regional təhlükəsizliyin və sabitliyin təmin olunmasındakı rolunu, mövcud geosiyasi çağırışları, regional əməkdaşlığın gücləndirilməsi imkanlarını və təhlükəsizlik arxitekturasının gələcək perspektivlərini müzakirə ediblər.
BMTMM-in şöbə müdiri Vasif Hüseynovun moderatorluğu ilə “Avropa İttifaqı və geoiqtisadi əməkdaşlıq, Avrasiya üzrə enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda təşkil olunan üçüncü paneldə İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) baş elmi tədqiqatçısı Eleonora Tafuro, İspaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (FESEI) baş direktoru Miguel Alvarez Moreno, Azərbaycanın İnkişaf və Diplomatiya İnstitutunun siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru Damjan Krnjevic, Niderlandın Haaqa Araşdırmalar İnstitutunun həmtəsisçisi Julia Meyer və İsveçin Şərqi Avropa Araşdırmaları üzrə Stokholm Mərkəzinin (SCEEUS) analitiki Jakob Hedenskog çıxış ediblər.
Müzakirələr zamanı Avrasiya məkanında geoiqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya bağlantılarının inkişafı və bu istiqamətlərin regional əməkdaşlıqla strateji sabitlik baxımından əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, forumda Azərbaycan və Belçika ilə yanaşı, İtaliya, İspaniya, Çexiya, Avstriya, Rumıniya, Şimali Makedoniya, Birləşmiş Krallıq, Niderland və İsveçin beyin mərkəzlərini təmsil edən ekspertlər iştirak ediblər.
BMTMM Avropadakı tərəfdaş beyin mərkəzləri ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq beynəlxalq konfrans və forumlar təşkil edir. Belə ki, sentyabrın 9-da Mərkəz və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Bundan əvvəl, sentyabrın 4-də isə BMTMM və LINKS Europe Fondunun birgə təşkilatçılığı ilə “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masa təşkil olunub.

