Bakı Prosesi çərçivəsində beynəlxalq və regional dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, panelin moderatoru Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlı bu formatın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, “Beynəlxalq dialoq və sülh platformaları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan təşəbbüsün əsas məqsədi dünyanın müxtəlif regionlarını və fəaliyyət sahələrini təmsil edən dialoq platformalarını bir araya gətirmək, parçalanmış dünyada körpülərin qurulmasına onların birgə töhfəsini artırmaq üçün praktiki imkanları araşdırmaqdır.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında vurğulayıb ki, Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platforması kimi müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səylərinin əlaqələndirilməsinə imkan yaradır. Nazir müavini qeyd edib ki, bu təşəbbüs regional və milli səviyyədə fəaliyyət göstərən bütün mümkün mədəniyyətlərarası dialoq platformaları ilə əməkdaşlığın qurulmasını zəruri edir.
O, belə görüşün gələcəkdə davamlı əməkdaşlıq platformasının formalaşması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığına inamını ifadə edib.
Mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla K. Deardorff qeyd edib ki, müxtəlif təşkilatların ayrı-ayrılıqda həyata keçirdikləri fəaliyyətlərin əlaqələndirilməsi onların ümumi təsirini artıra bilər. Bu baxımdan, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif maraqlı tərəflər arasında ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Görüşün əsas məqsədi müxtəlif regionları və fəaliyyət sahələrini təmsil edən dialoq platformalarını bir araya gətirmək, onların qlobal miqyasda sülhün təşviqinə və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə birgə töhfəsini artırmaqdır.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, dini və mədəniyyət institutlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılar beynəlxalq və regional dialoq platformalarının təcrübə mübadiləsi aparması, mövcud təşəbbüslərin əlaqələndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdə əsas diqqət dialoq platformalarının qarşılaşdığı ümumi çağırışlara birgə cavab verilməsi, əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və yerli səviyyədə həyata keçirilən təşəbbüslərin beynəlxalq miqyasda daha geniş tanıdılması məsələlərinə yönəlib.
İştirakçılar mədəniyyətlərarası səriştələrin inkişafı, sülh quruculuğu, münaqişədən sonrakı cəmiyyətlərdə etimadın bərpası, gender məsələləri, iqlim dəyişikliyi və texnologiyaların, o cümlədən süni intellektin yaratdığı çağırışlar kontekstində dialoqun roluna da toxunublar. Bildirilib ki, mədəniyyət və incəsənət sosial inteqrasiyanın gücləndirilməsi, həssas qrupların imkanlarının genişləndirilməsi, travmaların aradan qaldırılması və yaradıcı sənayelərin inkişafı üçün mühüm vasitələrdir. Mədəniyyətin kommunikasiya texnologiyaları ilə əlaqələndirilməsi isə müxtəlif sosial qrupların dialoq proseslərinə cəlb edilməsinə imkan yarada bilər.
Özbəkistan, Qətər, Doha, Portuqaliya, İtaliya, Cənubi Afrika Respublikası, Ruanda, Uqanda və digər ölkələri təmsil edən iştirakçılar öz təşkilatlarının fəaliyyəti, beynəlxalq tərəfdaşlıqları və dialoqun təşviqinə yönəlmiş təşəbbüsləri barədə məlumat veriblər.
Görüşdə Bakı Prosesi çərçivəsində beynəlxalq və regional dialoq platformalarının müntəzəm bir araya gəlməsi, əməkdaşlığın davamlı xarakter alması və əldə olunan nəticələrin praktiki fəaliyyətə çevrilməsi ilə bağlı təkliflər də səsləndirilib. İştirakçılar birgə fəaliyyətin gücləndirilməsinin dialoq təşəbbüslərinin təsir dairəsini genişləndirə, müxtəlif regionlarda sülhün, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin təşviqinə töhfə verə biləcəyini vurğulayıblar.

