Oktyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşü olub.
“Tehsil365” AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafında oynadığı mühüm rolu vurğulayıb. O bildirib ki, Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına və məzhəblərarası anlaşmaya əsaslanan cəmiyyətin mümkünlüyünü öz nümunəsində bütün dünyaya nümayiş etdirir.
Şeyxülislam qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli və dini tolerantlıq ənənələri Prezident İlham Əliyevin təşəbbüsləri ilə uğurla davam və inkişaf etdirilir. Bildirilib ki, "Bakı Prosesi" və mütəmadi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycanın sivilizasiyalararası əməkdaşlığa verdiyi mühüm töhfələrdəndir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq fəaliyyəti çərçivəsində dinlərarası və məzhəblərarası dialoqun, əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi, beynəlxalq təşkilatlarla əlaqələrin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Şeyxülislam əminliyini ifadə edib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal çağırışların həllinə, dünyada sülhün, əmin-amanlığın və mədəniyyətlərarası harmoniyanın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Ölkəmizdə səfərdə olan BMT-nin Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, təşkilatın İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos çıxışında dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın vacibliyini bir daha önə çəkərək, müasir dünyada baş verən münaqişələrin həllində hər kəsin məsuliyyət daşıdığını qeyd edib. O, xüsusilə dini liderlərin qlobal sülhün bərqərar olunmasında və zorakılıqların qarşısının alınmasında daha fəal rol oynamalı olduğunu vurğulayıb.
BMT rəsmisi çıxışı zamanı dünyada sülhün və əməkdaşlığın təmin olunması üçün bütün dövlətlərin və beynəlxalq təşkilatların birgə səy göstərməsinin vacibliyini qeyd edib. Xüsusilə gənc nəsillərin tolerantlıq ruhunda yetişdirilməsinin gələcəkdə qarşıdurmaların qarşısını almaqda əsas rol oynayacağını bildirib.
Tədbirdə çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, eləcə də dialoqun möhkəmləndirilməsində xidmətlərini yüksək qiymətləndirib. O, Qafqaz Müsəlmanları İdarəsinin bölgədə sülh və birgəyaşayış mədəniyyətinin təşviqində mühüm rol oynadığını vurğulayıb. Baş katib çıxışı zamanı dini liderlərin qlobal miqyasda həmrəylik nümayiş etdirməsinin və qarşılıqlı anlaşmanın vacibliyini diqqətə çatdırıb.
Sonra iştirakçılar üçün ziyafət təşkil olunub.

