2026-cı il oktyabrın 27- dən Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsində universitetin Karyera və Məzunlar Mərkəzi ilə “HRENGINEERING” MMC-nin əməkdaşlığı çərçivəsində “Career Readiness Week” – “Karyeraya Hazırlıq Həftəsi” layihəsinin açılış seminarı keçirilib.
“From University to Career: Essential Skills for the Job Market” (“Universitetdən karyeraya: əmək bazarı üçün vacib bacarıqlar”) adlı seminar tələbələrin əmək bazarına hazırlığını gücləndirmək, onların karyera planlaması və peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyıb.
Tədbirdə “HRENGINEERING” MMC-nin direktoru, HREngineering Academy-nin təsisçisi və HRM-CP sertifikatlı HR eksperti Aynur Mirzəzadə çıxış edib. O, tələbələrə effektiv CV hazırlanması, iş müsahibələrinə hazırlıq, özünü peşəkar təqdimetmə və işəgötürənlərin namizədlərdən gözləntiləri barədə məlumat verib, əmək bazarında uğur qazanmaq üçün zəruri olan bacarıqlara dair praktiki tövsiyələrini bölüşüb.
Seminar zamanı tələbələr müzakirələrdə fəal və interaktiv şəkildə iştirak edib, mövzu ilə bağlı suallarını ünvanlayıblar. Spiker tələbələrin suallarını cavablandıraraq, CV hazırlanması, iş müsahibələrində özünü düzgün təqdimetmə və işəgötürənlərin gözləntiləri ilə bağlı əlavə izahlar verib. İnteraktiv ünsiyyət tələbələrə karyera hazırlığı ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətirmək və praktiki tövsiyələr əldə etmək imkanı yaradıb.
Seminar çərçivəsində Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva da çıxış edərək, mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbələrə və məzunlara göstərilən karyera dəstəyi, işəgötürənlərlə əməkdaşlıq və yeni karyera imkanlarının yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər haqqında qısa məlumat verib.
Zərifə Əliyeva çıxışında əmək bazarındakı mövcud vəziyyətə, işəgötürənlərin namizədlərdən gözləntilərinə və müasir əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün tələb olunan bilik və bacarıqlara toxunub. O, tələbələrin universitet illərindən etibarən karyeralarını planlaşdırmalarının, praktiki təcrübə qazanmalarının, peşəkar əlaqələrini genişləndirmələrinin və öz bacarıqlarını davamlı inkişaf etdirmələrinin vacibliyini vurğulayıb.
“Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində tələbələr üçün praktiki dəstək fəaliyyətləri də təşkil olunur. 28–30 oktyabr aralığında universitetin Nərimanov, Bakıxanov və Neftçilər kampuslarında keçiriləcək “Info Desk” görüşlərində tələbələr CV-lərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi (“CV Clinic”), peşəkar LinkedIn profilinin yaradılması və inkişafı (“LinkedIn Lab”), eləcə də sınaq iş müsahibələrində iştirak və müsahibə bacarıqlarının təkmilləşdirilməsi (“Mock Interview”) imkanlarından yararlana biləcəklər.
Karyera və Məzunlar Mərkəzinin “HRENGINEERING” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tələbələrin karyera hazırlığını gücləndirməyə, onların əmək bazarına daha inamla daxil olmalarına və peşəkar inkişaflarına dəstək göstərməyə yönəlib.
Qeyd edək ki, “Karyeraya Hazırlıq Həftəsi” çərçivəsində nəzərdə tutulan fəaliyyətlər bir həftə ərzində Xəzər Universitetinin digər kampuslarında da davam etdiriləcək.

