Azərbaycan Dillər Universiteti (ADU) ilə Özbəkistanın Səmərqənd Dövlət Pedaqoji Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində birgə dərs keçirilib.
“Tehsil365” xəbər verir ki, 26 oktyabr 2026-cı il tarixində ADU-nun İngilis və Fransız dilləri fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Babayevanın və Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülnarə Sadıxovanın iştirakı ilə fransız dili müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri və Özbəkistanın Səmərqənd Dövlət Pedaqoji Universitetinin I kurs tələbələri üçün birgə dərs təşkil olunub.
Kafedranın baş müəllimi Əzizə Məmmədovanın təşkilatçılığı ilə keçirilən dərs “Connaître l’heure et les jours de la semaine” (Saatı və həftənin günlərini öyrənmək) mövzusuna həsr olunub.
Dərs zamanı hər iki universitetin tələbələri fəal iştirak edərək fransız dili üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. İnteraktiv təlim metodlarından istifadə olunan dərsdə Kahoot platforması vasitəsilə öyrədici oyun təşkil olunub, həmçinin mövzuya uyğun video material nümayiş etdirilib.
Birgə dərs tələbələrin fransız dilini öyrənməyə marağının artırılmasına, rəqəmsal tədris vasitələrindən səmərəli istifadəsinə və universitetlərarası akademik əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.

