Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “YAP-ın VIII qurultayından irəli gələn vəzifələr” mövzusunda konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, konfransda Yeni Azərbaycan Partiyasının (YAP) “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının sədri dosent Sultanəli Qurbanov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Daha sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edib. Rektor Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlərin və müəyyənləşdirdiyi strateji hədəflərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətinə toxunub. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, milli inkişaf prioritetlərinin reallaşdırılması və insan kapitalının gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib.
Cəfər Cəfərov təhsilin və elmin ölkənin davamlı inkişafındakı rolunu vurğulayaraq, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, müəllim hazırlığı sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldirilməsi, elmi tədqiqatların təşviqi və innovasiyaların tətbiqi insan kapitalının inkişafına birbaşa təsir göstərən amillərdəndir. Bu baxımdan pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Rektor, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı yetişdirilməsinin əhəmiyyətini qeyd edib. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, gənclər siyasəti və ali təhsilin beynəlmiləlləşməsi məsələlərinə toxunan Cəfər Cəfərov ADPU-nun bu istiqamətlərdə üzərinə düşən vəzifələri vurğulayıb. O bildirib ki, universitetin əsas prioritetlərindən biri müasir təhsil mühitində fəaliyyət göstərə bilən, peşəkar və rəqabətqabiliyyətli müəllimlərin hazırlanması, eləcə də elmi potensialın inkişafına töhfə verməkdir.
Sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev məruzə ilə çıxış edib. O, YAP-ın VIII qurultayında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi, partiyanın qarşısında duran vəzifələr və dövlət siyasətinin əsas istiqamətləri barədə danışıb. Məruzədə ölkənin siyasi, sosial-iqtisadi və ictimai həyatında baş verən dəyişikliklər fonunda qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə reallaşdırılmasının, ictimai həmrəyliyin qorunmasının və gənclərin dövlətçilik prinsiplərinə uyğun yetişdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Konfransda YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və digər iştirakçılar da çıxış edərək qurultaydan irəli gələn vəzifələr, təhsilin və elmin inkişafı, gənclərin tərbiyəsi və qarşıda duran prioritet məsələlər barədə fikirlərini bölüşüblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

