Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub. Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın rəhbərliyi ilə təşkil edilən stenddə universitetin professor-müəllim heyətinin müəllifi olduğu elmi əsərlər, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və digər nəşrlər nümayiş olunub.
“Tehsil365” xəbər verir ki, sərgi çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, eləcə də millət vəkilləri, ziyalılar və oxucular universitetin stendini ziyarət ediblər. Onlar nümayiş olunan nəşrlərlə tanış olub, universitetin elmi və tədris ədəbiyyatının sərgidə təqdim olunmasını, kitab və mütaliə mədəniyyətinin təşviqini müzakirə ediblər.
ADPU-nun sərgidə iştirakının universitetin nəşrlərinin daha geniş oxucu auditoriyasına çatdırılması, professor-müəllim heyətinin elmi fəaliyyətinin tanıdılması və ali təhsil müəssisəsi ilə cəmiyyət arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd olunub.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. 21-27 oktyabr tarixlərini əhatə edən sərgi çərçivəsində kitab təqdimatları, imza mərasimləri, görüşlər və müxtəlif mədəni tədbirlər təşkil olunur.

