“Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində bu il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanan 166 müəllim fəaliyyətə başlayıb”.
“Tehsil365” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov məktəblərdə fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirib.
Görüşdə müəllimlik peşəsinin cəmiyyətin intellektual potensialının formalaşmasındakı rolu vurğulanıb. Gənc müəllimlərə müasir tədris metodlarından səmərəli istifadə etmək, peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək, şagirdlərə fərdi yanaşmaq tövsiyə olunub.
Qeyd edilib ki, müəllimlərin işə qəbulu müsabiqəsində Naxçıvan üzrə ən yüksək nəticəni — 95 balı toplayan Səbinə Alırzayeva Naxçıvan Qızlar Liseyində fəaliyyətə başlayıb.
Məlumata görə, fəaliyyətə başlayan 166 müəllimdən 16-sı ölkənin digər regionlarından gələrək pedaqoji fəaliyyətini Naxçıvanda davam etdirməyi seçib.

