Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov 2026-cı il oktyabrın 25-də Nizami Kino Mərkəzində Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Obsessiv-kompulsiv pozuntu: diaqnostika və müalicəyə multidissiplinar baxış” mövzusunda elmi-praktik simpoziumda iştirak edib.
“Tehsil365” xəbər verir ki, simpoziumun əsas məqsədi obsessiv-kompulsiv pozuntunun (OKP) diaqnostikası və müalicəsi ilə bağlı müasir elmi yanaşmaları müzakirə etmək, müxtəlif sahələrdən olan mütəxəssislər arasında elmi və klinik təcrübə mübadiləsini gücləndirmək olub. Simpoziumda Xəzər Universiteti departament əməkdaşları, müəllim heyəti, 15 tələbə-könüllü heyəti və universitetin stendi ilə təmsil olunub.
Simpozium çərçivəsində OKP-nin diaqnostik meyarları, neyrobioloji mexanizmləri, uşaqlarda və yeniyetmələrdə müalicəsi, ailə akkomodasiyası, eləcə də koqnitiv-davranışçı terapiya (CBT), ekspozisiya və cavabın qarşısının alınması (ERP) yanaşmalarının klinik tətbiqi müzakirə olunub. Tədbirdə psixiatriya, nevrologiya və psixologiya sahələrinin bir araya gətirilməsi OKP-yə multidissiplinar yanaşmanın əhəmiyyətini ön plana çıxarıb.
Tədbirin açılışında çıxış edən Mirsadiq Muxtarov OKP-nin düzgün qiymətləndirilməsi, erkən müəyyənləşdirilməsi və müalicəsində elmi əsaslı yanaşmaların əhəmiyyətini vurğulayıb. O, pozuntunun fərdin gündəlik həyatına və sosial münasibətlərinə təsirinə toxunaraq, müalicə prosesində fərdi xüsusiyyətlərin nəzərə alınmasının və müxtəlif mütəxəssislər arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Universitetin müəllimləri Mələk Kərimova və Aygün İsgəndərovanın əsas qonaqlar qismində çıxış etdikləri tədbir elmi biliklərin və peşəkar təcrübənin paylaşılması baxımından əhəmiyyət kəsb edib. Simpoziumun panel müzakirəsində Xəzər Universitetinin müəllimləri Mələk Kərimova, Kəmalə Əliyeva, Xudaverdi Məmmədov və Mirsadiq Muxtarov iştirak ediblər. Paneldə OKP-nin klinik xüsusiyyətləri, qiymətləndirilməsi və müalicəsində multidissiplinar əməkdaşlığın rolu diqqət mərkəzində olub.

