“Müasir dövrdə tələbə olmaq təkcə dərs oxumaq deyil. Hal-hazırda dövr üçün tələbə həm oxuyur, həm işləyir, yəni bir çox gənc eyni zamanda həm işləməli, həm maddi ehtiyaclarını qarşılamalı, ailəsinə vaxt ayırmalı və gələcək karyerasını qurmalı düşüncəsini özündə formalaşdırır. Və bu məsuliyyəti eyni vaxtda daşımaq zamanla istər-istəməz həmin insanda həm fiziki, həm də emosional olaraq tükənməyə gətirib çıxara bilər”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq, "Qadınlar Cəmiyyətinin İnkişafı Naminə" İctimai Birliyinin icraçı direktoru Nabat Mirzəyeva bildirmişdir.
Psixoloqun sözlərinə görə, ilk növbədə məhsuldarlıq anlayışına düzgün yanaşmaq lazımdır. O bildirib ki, cəmiyyətdə çox vaxt məhsuldar olmağın hər işə çatmaq və daim güclü görünmək kimi qəbul edilməsi yanlış yanaşmadır.
“İnsan bəzən dayanmağa, dincəlməyə və özünü bərpa etməyə ehtiyac duyur. Fasilə vermək zəiflik deyil, sağlam fəaliyyətin vacib hissəsidir.”
Mütəxəssis qeyd edib ki, tələbələrin yol verdiyi əsas səhvlərdən biri bütün sahələrdə eyni anda mükəmməl olmağa çalışmalarıdır. Onun sözlərinə görə, bir çox gənc həm işdə uğurlu olmağa, həm yüksək akademik nəticələr əldə etməyə, həm də şəxsi həyatına kifayət qədər vaxt ayırmağa çalışır. Bütün bunlara eyni vaxtda nail olmaq isə hər zaman mümkün olmur. Nəticədə tələbələrdə çatışmazlıq hissi, emosional yorğunluq və geridə qalmaq düşüncəsi yarana bilir.
Psixoloqun sözlərinə görə, tələbələrin gündəlik həyatlarında balansı qoruya bilmələri üçün ilk növbədə vaxtlarını real şəkildə planlaşdırmaları vacibdir.
“Tələbə həftəlik dərs cədvəlini, iş saatlarını, imtahanlarını və istirahət vaxtını əvvəlcədən planlaşdırmalıdır. Lakin bu plan insanı sıxan və gərginlik yaradan bir vasitəyə çevrilməməlidir. Eyni zamanda gözlənilməz vəziyyətlər üçün də müəyyən vaxt ehtiyatı saxlamaq vacibdir.”—deyə vurğulayıb.
Mütəxəssis bildirib ki, vaxtın düzgün idarə olunması ilə yanaşı, prioritetlərin düzgün müəyyənləşdirilməsi də böyük əhəmiyyət daşıyır.
“Hər işi eyni gündə və eyni səviyyədə yerinə yetirmək mümkün deyil. Bəzi dövrlərdə imtahanlara daha çox vaxt ayırmaq lazım gəlir, bəzi hallarda isə iş öhdəlikləri ön plana keçir. Tələbə hər gün özündən soruşmalıdır: ‘Bu gün mənim üçün ən vacib olan nədir və hansı işi daha sonraya saxlamaq olar?’ Prioritetləri düzgün müəyyənləşdirmək həm vaxtın səmərəli idarə olunmasına, həm də emosional gərginliyin azalmasına kömək edir.”
Bununla yanaşı, psixoloq istirahətin bərpaedici əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, tələbələr istirahəti vaxt itkisi kimi qəbul etməməlidirlər.
“Yuxusuz qalaraq saatlarla dərs oxumaq hər zaman daha yaxşı nəticə vermir. Keyfiyyətli yuxu, qısa fasilələr, fiziki aktivlik və sevdiyimiz insanlarla ünsiyyət psixoloji və zehni bərpa üçün vacibdir. İstirahət yalnız bütün işləri bitirdikdən sonra haqq edilən bir mükafat deyil, sağlam fəaliyyətimizin vacib və zəruri hissəsidir.”
Mütəxəssis bununla yanaşı, tələbələrin sərhəd qoymağı da bacarmalarının vacib olduğunu vurğulayıb. O bildirib ki, gənclər həm iş, həm də təhsil mühitində öz imkanlarını və ehtiyaclarını düzgün ifadə etməyi öyrənməlidirlər.
“İmtahan dövründə iş qrafikinin dəyişdirilməsini istəmək, müəllimlə vaxtında danışmaq və ehtiyac olduqda kömək istəmək zəiflik kimi qəbul edilməməlidir. Əksinə, bu, insanın öz məsuliyyətlərini düzgün idarə etməsinin göstəricisidir.”
Psixoloqun sözlərinə görə, tələbələr öz psixoloji vəziyyətlərini də diqqətdə saxlamalıdırlar. Uzun müddət davam edən yorğunluq, motivasiya itkisi, diqqətin zəifləməsi, əsəbilik, yuxu problemləri, eləcə də əvvəllər zövq alınan fəaliyyətlərə marağın azalması nəzərə alınmalı olan əlamətlərdir.
“Belə halları sadəcə tənbəllik kimi qiymətləndirmək düzgün deyil. Bu vəziyyətlərdə mütəxəssisə, psixoloqa və ya həkimə müraciət etmək önəmlidir.”
Sonda psixoloq balans anlayışının hər gün həyatın bütün sahələrinə eyni vaxt ayırmaq olmadığını qeyd edib.
“Balans hər gün bütün sahələri eyni vaxtda həyata keçirmək və hər birinə eyni qədər vaxt ayırmaq demək deyil. Hər şeyə eyni anda çatmağa çalışmaq insanın güclü olması anlamına gəlmir. Əksinə, bu, müəyyən müddətdən sonra həm fiziki, həm də ruhsal olaraq yorğunluğa səbəb ola bilər. Balans hansı dövrdə nəyə ehtiyacımız olduğunu anlamaq və özümüzü tükətmədən, məqsədlərimizə doğru addım-addım irəliləməkdir.”

