“2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda təhsilalanların ümumi sayı 2 milyon 102 min 178 nəfər olub.”
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, təhsilalanların 999 min 596 nəfəri qadınlar, 1 milyon 102 min 582 nəfəri isə kişilərdir. Ümumi təhsil müəssisələrində təhsil alanların payı qadınlar üzrə 78,6 faiz, kişilər üzrə isə 80,6 faiz təşkil edib.
Peşə təhsili müəssisələrində təhsil alanların payı qadınlar arasında 3,1 faiz, kişilər arasında 5,1 faiz olub. Orta ixtisas təhsili müəssisələrində bu göstərici qadınlar üzrə 4,2 faiz, kişilər üzrə 2,2 faiz təşkil edib.
Ali təhsil müəssisələri və doktoranturada təhsil alanların payı isə qadınlar arasında 14,1 faiz, kişilər arasında 12,1 faiz olub.
Cins bölgüsünə əsasən, ümumi təhsil müəssisələrində təhsilalanların 46,9 faizi qadınlar, 53,1 faizi kişilərdir. Peşə təhsili müəssisələrində kişilərin payı 64 faiz, qadınların payı 36 faiz təşkil edib.
Orta ixtisas təhsili müəssisələrində qadınların payı 63,7 faiz, kişilərin payı 36,3 faiz olub. Ali təhsil müəssisələri və doktoranturada isə qadınlar 51,3 faiz, kişilər 48,7 faiz təşkil ediblər.

