““Gəncləri təbiətlə ünsiyyətə təşviq etmək, fəsillərin füsunkarlığını sənət vasitəsilə canlandırmaq və ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə reallaşdırılan “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!” layihəsi çərçivəsində “Yay arzuları” adlı növbəti yaradıcılıq sərgisi təşkil olunub.””
“Tehsil365” xəbər verir ki, yay fəslinin təbiətə bəxş etdiyi zəngin rəng çalarları və unudulmaz təəssüratları əks etdirən sərgiyə 8-21 yaş aralığında 900-dən çox yerli və əcnəbi müəllif tərəfindən 1300-ə yaxın əsər təqdim olunub. Seçimlər zamanı mövzu və texniki parametrlər əsas götürülüb. “Hər müəllifdən bir əsər” prinsipinə uyğun olaraq, 600-dən çox gənc fırça ustasının işi ekspozisiyada yer almaq hüququ qazanıb.
Oktyabrın 27-28-də Xətai Sənət Mərkəzində yaş qrupları üzrə növbəli şəkildə nümayiş etdirilən əsərlərin müəlliflərinə sertifikatlar təqdim olunub.
Beynəlxalq miqyaslı tədbirdə Azərbaycan nümayəndələri ilə yanaşı, Moldova, Türkiyə, Serbiya, Xorvatiya, Rusiya, Belarus, Tayvan, İran və Bolqarıstandan olan onlarla yeniyetmə və gənc rəssam da iştirak edib. Əsərləri sərginin xüsusi kataloqunda yer alan əcnəbi iştirakçılara onlayn sertifikatlar göndəriləcək.
Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə baş tutub.

