“Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.”
“Tehsil365” xəbər verir ki, teatrın yaradıcı şöbə müdiri, Əməkdar artist Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülüb.
Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.
Əsərdə hadisələr sözsüz, aktyorların bədən dili, hərəkət, musiqi və işıq vasitəsilə təqdim olunur. Tamaşa ənənəvi pantomima anlayışından fərqlənən bədii-estetik yanaşması ilə yerli tamaşaçıların və teatr mütəxəssislərinin diqqətini cəlb edib. Festival müddətində yaradıcı heyətlə görüşən iştirakçılar tamaşa haqqında təəssüratlarını bölüşərək Azərbaycan pantomima sənətinə böyük maraq göstəriblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdiri, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.
Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, quruluşçu rəssamı Xəyyam Səmədov, xoreoqrafı Əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov, musiqi operatoru Natella Bədəlovadır.
Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahalıyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyn İsmayılov ifa ediblər.
“İblis” tamaşasının beynəlxalq mükafata layiq görülməsi Azərbaycan teatr sənətinin, xüsusilə milli pantomima məktəbinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm yaradıcılıq uğurudur.

