“UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib”.
“Tehsil365” xəbər verir ki, tədbirdə fakültə dekanının müavini Rahim Mürsəlov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov iştirak ediblər.
Tədbir zamanı tələbələrə şəxsi məlumatların qorunması, internet resurslarından təhlükəsiz istifadə, güclü şifrələrin yaradılması və fişinq hücumlarının müəyyənləşdirilməsi barədə məlumat verilib.
Həmçinin kiberhücumların qarşısının alınması yolları, şübhəli keçidlərdən uzaq durmağın və məxfi məlumatları üçüncü şəxslərlə paylaşmamağın vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, tədbirin əsas məqsədi tələbələrin rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirmək və informasiya təhlükəsizliyi mədəniyyətini formalaşdırmaqdır.

