Süni intellekt modellərinin təqdim etdiyi cavabların milli-mədəni dəyərlərə uyğunluğunun qiymətləndirilməsi üçün xüsusi mexanizmin yaradılması təklif edilib.
“Tehsil365” xəbər verir ki, bu təklif VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada səsləndirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli eyni sualların Azərbaycan, rus və ingilis dillərində süni intellekt modellərinə ünvanlanmasını və cavabların müqayisəli təhlilini təklif edib.
Onun sözlərinə görə, bu yanaşma süni intellekt modellərinin müxtəlif mədəniyyətlərə münasibətini araşdırmağa imkan verə bilər.
Sessiyada, həmçinin rəqəmsal vətəndaşlıq bacarıqlarının inkişafı, təhsilin müasir texnologiyalara uyğunlaşdırılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.

