Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin fonetikası kafedrasının baş müəllimləri Mehriban İbadullayeva, Təranə Cabbarlı və Gülnarə Səfərovanın təşkilatçılığı və tələbələrin iştirakı ilə universitetin şəhid məzunu Əzim Həsənovun xatirəsinə həsr olunmuş “Mənim Qəhrəmanım” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə şəhidin atası Fikrət Əzimov, ADU-nun rektorunun müşaviri i.ü.f.d. Anar Osmanlı, İngilis və alman dilləri fakültəsinin dekanı dosent Naibə Camalzadə, kafedra müdirləri, dekan müavinləri və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Fakültənin dekanı dos. Naibə Camalzadə çıxışında şəhid Əzim Həsənovun həyat və tələbəlik illərindən bəhs edib, onun Vətən qarşısındakı xidmətlərini və qəhrəmanlığını ehtiramla yad edib.
Tələbə Gənclər Təşkilatının sədri 301B qrupunun tələbəsi Günay Rüstəmzadə çıxış edərək şəhid Əzim Həsənovun həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan bəhs edib. O, şəhidlərin xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq nümunəsinin gənc nəslə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayıb.
Tədbir çərçivəsində tələbələr Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın həyat və döyüş yoluna, Vətənə sədaqətinə və xalqımızın tarixi yaddaşındakı əbədi mövqelərinə həsr olunmuş çıxışlar təqdim ediblər.
Tədbirin ən təsirli məqamlarından biri 202B qrupunun tələbəsi Nəzrin Quliyevanın şəhid Əzim Həsənovun anasına ünvanladığı “Şəhid anasına məktub” adlı çıxışı olub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Həşim Həşimovun övladı, 209A qrupunun tələbəsi Şövkət Həşimova atasının xatirəsinə həsr olunmuş videoçarxı tədbir iştirakçılarına təqdim edib və onunla bağlı xatirələrini bölüşüb.
ADU-nun rektorunun müşaviri Anar Osmanlı və İngilis dilinin fonetikası kafedrasının müdiri dos. Xatirə Qocayeva çıxışlarında şəhidlərin xatirəsinin yaşadılmasının mənəvi məsuliyyət olduğunu vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli yaddaşın qorunmasına və Vətən uğrunda fədakarlıq göstərmiş qəhrəmanların tanıdılmasına mühüm töhfə verir.
Sonda şəhid Əzim Həsənovun atası Fikrət Əzimov tədbirin təşkilatçılarına və tələbələrə şəhidlərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

