Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Psixoloji yardım sektorunun birgə təşkilatçılığı ilə “Sakit təhlükə: narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşün məqsədi tələbələrin narkomaniya və digər asılılıq növləri haqqında məlumatlılığını artırmaq, asılılığın yaranma səbəbləri və fəsadları barədə düzgün təsəvvür formalaşdırmaq, eləcə də bu halların qarşısının alınmasında psixoloji dəstəyin əhəmiyyətini diqqətə çatdırmaq olub.
Sosial elmlər və psixologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova gənclərin fiziki və mənəvi sağlamlığının qorunmasının əhəmiyyətindən danışıb. O, zərərli vərdişlərin gənclərin həyatına, sosial münasibətlərinə və gələcək inkişafına mənfi təsirlərini qeyd edib, bu istiqamətdə maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyini vurğulayıb.
Universitetin Psixoloji yardım sektorunun mütəxəssisi Natəvan Həsənzadə narkomaniyanın psixoloji səbəbləri, asılılığı olan şəxslərə münasibətdə düzgün yanaşmanın əhəmiyyəti haqqında məlumat verib.
Psixoloji yardım sektorunun psixoloqu İlkanə Mənsumova və sektorun əməkdaşı Vasif Bəşirov asılılığın mahiyyəti, əsas növləri, yaranma səbəbləri və insan həyatına təsirləri barədə danışıb, bunun insanın psixoloji sağlamlığına, sosial münasibətlərinə, təhsilinə və maliyyə vəziyyətinə mənfi təsirlərini vurğulayıblar.
Tədbirdə narkomaniya ilə mübarizə yollarına həsr olunmuş video təqdim edilib. Psixoloji yardım sektorunun əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

