“Təhsil müəssisələrində baş verən ölüm halları cəmiyyətdə ciddi narahatlıq yaradır. Məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunması və faciəvi hadisələrin qarşısının alınması üçün mütəmadi nəzarət tədbirlərinin görülməsi vacibdir”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi “Tehsil365”ə açıqlamasında qeyd edib.
Ekspert bildirib ki, bu cür hadisələr cəmiyyətdə narahatlıq və narazılıq doğurur. Onun sözlərinə görə, arzuolunmaz halların, xüsusilə də azyaşlı uşaqlarla bağlı faciələrin baş verməməsi üçün təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir.
Elçin Əfəndi qeyd edib ki, bəzi məktəblərdə təhlükəsizlik kameraları quraşdırılıb və müasir mühafizə xidmətləri təşkil olunub. Bununla belə, şagirdlərə daimi nəzarətin vacibliyini vurğulayan ekspert yüksək mərtəbəli məktəb binalarının pəncərələrində qoruyucu dəmir barmaqlıqların quraşdırılmasını və ya pəncərələrin açılıb-bağlanmasının xüsusi nəzarət altında saxlanılmasını təklif edib.
Ekspertin fikrincə, digər təhlükəsizlik məsələlərində də məktəb rəhbərliyi və aidiyyəti şəxslər məsuliyyətli davranmalıdırlar. O, məktəblərin mühafizə qurumları ilə əməkdaşlıq etməsinin də faydalı olacağını bildirib.
Elçin Əfəndi əlavə edib ki, müvafiq qurumlar tərəfindən tədbirlər görülsə də, təəssüf ki, bəzən faciəvi hadisələr baş verməkdə davam edir.

