Daşkənddə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı – Türk dünyasının mənəvi həyatında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinindən AZƏRTAC-a bildirilib ki, konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illiyi və görkəmli özbək şairi Əlişir Nəvainin anadan olmasının 585 illiyi münasibətilə təşkil edilib.
Tədbirin əsas məqsədi hər iki mütəfəkkirin zəngin ədəbi irsinin dərindən öyrənilməsi, onların yaradıcılığındakı ədəbi-estetik oxşarlıqların və özünəməxsus xüsusiyyətlərin üzə çıxarılması, Azərbaycan və Özbəkistan xalqları arasında tarixi-mədəni əlaqələrin möhkəmləndirilməsi olub.
Tədbirdə Azərbaycan və Özbəkistandan olan alimlərin və dövlət xadimlərinin məruzələri dinlənilib. Məruzələrdə Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının Şərq klassik ədəbiyyatında və Türk dünyasının mənəvi həyatında tutduğu mühüm yer, hər iki mütəfəkkirin zəngin ədəbi-fəlsəfi irsi, humanist ideyaları, bədii-estetik baxışları və yaradıcılıqları arasındakı ortaq xüsusiyyətlərdən bəhs edilib.
Konfransda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsindən, onun Şərq və Türk dünyası ədəbiyyatının inkişafındakı mühüm rolundan bəhs edib. O, dahi mütəfəkkirin yaratdığı ədəbi ənənələrin sonrakı əsrlərdə İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Əlişir Nəvai kimi qüdrətli söz ustalarının yaradıcılığında davam etdirildiyini və Türk dünyasının ədəbi-mədəni irsini daha da zənginləşdirdiyini vurğulayıb. Bu ortaq ədəbi-mənəvi irsin Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik tarixi-mədəni bağların parlaq təzahürü olduğunu diqqətə çatdırıb.
Akif Marifli qeyd edib ki, qədim tarixi köklərə və möhkəm qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan–Özbəkistan münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi və birgə səyləri sayəsində ən yüksək inkişaf mərhələsinə yüksələrək əbədi dostluq və strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Beynəlxalq elmi konfrans Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığının müqayisəli şəkildə öyrənilməsi, Azərbaycan və Özbəkistan alimləri arasında elmi dialoqun genişləndirilməsi, həmçinin türk xalqlarının ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm elmi tədbir kimi yadda qalıb.

