Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat 43 dəqiqə” adlı kitabı işıq üzü görüb. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” altbaşlığı ilə çıxan 528 səhifəlik kitab unikaldır, burada 2023-cü il sentyabrın 19-20-də keçirilmiş və Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnmiş lokal antiterror əməliyyatı barədə demək olar ki, bütün məlumatlar öz əksini tapıb.
“Tehsil365” xəbər verir ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan Prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan Ordusunun tərkibi, cəbhələrin təsnifatı, əsas döyüşlər, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli Bayrağın sancılması, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb. Həmçinin əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.
Kitab 3 fəsildən ibarətdir; 1-ci fəsil əməliyyataqədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdansonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.
“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın çağdaş tarixinin bədii-sənədli salnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün elan etdiyi orta qrant müsabiqəsi üzrə AYB-nin Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr olunmuş kitabın baş rəyçisi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilov, redaktorları şairlər - Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və DGTYB başqanı İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.
Kitabın nüsxələri şəhid ailələrinə, müxtəlif qurumlara, ictimaiyyət nümayəndələrinə hədiyyə ediləcək.

