Bakı Mühəndislik Universitetində (BMU) 2026-cı ilin Fizika üzrə Nobel mükafatına həsr olunmuş elmi seminar keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev elmi tədqiqatların fundamental elmin inkişafında, kainatda baş verən mürəkkəb proseslərin dərk edilməsində və yeni elmi biliklərin əldə olunmasında mühüm rolunu vurğulayıb. Həmçinin müasir fizikanın kainatın quruluşunun, elementar zərrəciklərin xassələrinin və onların qarşılıqlı təsirlərinin öyrənilməsində əhəmiyyətini qeyd edib.
Yaqub Piriyev universitetin professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynovun məruzəsinin maraqlı və faydalı olacağına, mövzunun müəllim və tələbələrin müasir fizikanın aktual tədqiqat istiqamətləri üzrə biliklərinin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Rektor bu kimi elmi seminarların fundamental elmin inkişafına, elmi biliklərin yayılmasına və tələbələrin tədqiqatlara marağının artırılmasına töhfə verdiyini vurğulayıb.
Sonra professor Vəli Hüseynov “Fizika üzrə 2026-cı ilin Nobel mükafatı: IceCube neytrino rəsədxanası və astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfi” mövzusunda məruzə ilə çıxış edib. O, Nobel mükafatı laureatı Frensis Halzenin elmi fəaliyyəti, IceCube neytrino rəsədxanasının quruluşu və onun Antarktidada yerləşdirilməsinin üstünlükləri barədə məlumat verib.
Məruzədə rəsədxananın iş prinsipi, buzun dərin qatlarında yerləşdirilmiş rəqəmsal optik modullar vasitəsilə neytrinoların qeydə alınması, yüksək enerjili neytrinoların astrofiziki mənşəyinin və mümkün mənbələrinin araşdırılması məsələləri izah olunub. Eyni zamanda IceCube layihəsinin yaradılmasında Frensis Halzenin rolu, detektorun imkanları, neytrinoların maddə ilə qarşılıqlı təsiri və bu sahədə aktual elmi problemlər diqqətə çatdırılıb. Professor Vəli Hüseynov bu istiqamətdə apardığı tədqiqatlar və hazırladığı elmi məqalələr haqqında da danışıb.
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

