Oktyabrın 29-da Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və onu müşayiət edən qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivləri, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də universitetlərarası əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, universitetdə xarici dillərin tədrisi, müxtəlif ölkələrin mədəniyyətlərinin və dillərinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş zamanı Meksikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması imkanları da müzakirə olunub.

