Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi (MSTİM) yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması və istedadlı gənclərin müdafiə sənayesinə cəlb olunması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirib.
“Tehsil365” xəbər verir ki, ADNSU ilə əməkdaşlıq çərçivəsində keçirilən görüşdə MSTİM-in Tədqiqat proqramları və insan kapitalının inkişafı ofisinin direktoru, dosent Elsevər İbadov və Akademik inkişaf və kadr hazırlığı şöbəsinin müdiri, dosent Aytən Sadıqova çıxış ediblər.
Görüşdə tələbələrə MSTİM-in fəaliyyəti, elmi-tədqiqat və innovasiya imkanları, eləcə də müasir mühəndislik sahələrində peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Tələbələrin diqqətinə çatdırılıb ki, elektronika, mexanika, kimya, mexatronika, proqramlaşdırma, süni intellekt və robototexnika kimi istiqamətlər müdafiə sənayesinin texnoloji inkişafında mühüm əhəmiyyət daşıyır.
Görüşün əsas məqsədi universitet tələbələrini MSTİM-də fəaliyyət göstərməyə dəvət etmək, onların mühəndislik potensialını real iş mühitində dəyərləndirmək və gələcəkdə müdafiə sənayesi müəssisələrində işlə təmin olunmaları üçün imkanlar yaratmaq olub.

