“Bakıda nəqliyyat sıxlığının azaldılması üçün piyada infrastrukturunun yaxşılaşdırılması, ictimai nəqliyyatın əlçatanlığının artırılması və müxtəlif nəqliyyat növləri arasında rahat keçidin təmin edilməsi vacibdir. Ekspertlər hesab edirlər ki, şəhərdə insanların rahat hərəkəti üçün ilk növbədə mövcud infrastruktur problemləri aradan qaldırılmalıdır”.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib. O bildirib ki, müasir şəhərlərdə nəqliyyat infrastrukturu ilk növbədə insan amili nəzərə alınmaqla qurulmalıdır. Son illərdə Bakıda avtomobil yollarına daha çox diqqət yetirilib və indi şəhər infrastrukturunun piyadaların rahatlığı baxımından təkmilləşdirilməsinə ehtiyac var.
“Səkilərin abadlaşdırılması, piyadaların hərəkətinə mane olan baryerlərin aradan qaldırılması və təhlükəsiz keçidlərin təşkili qısa müddətdə həyata keçirilə biləcək vacib tədbirlərdəndir. Əslində, səkilərin düzəldilməsi çox bahalı infrastruktur deyil. Yetər ki, siyasi qərar olsun, önündəki bütün baryerlər aradan qaldırılsın”, – deyə ekspert vurğulayıb.
Rauf Ağamirzəyevin sözlərinə görə, bəzi küçələrdə səkilər fasilələrlə davam edir, panduslar mövcud deyil və ya piyada hərəkəti müxtəlif maneələrlə məhdudlaşır. Bu problemlərin aradan qaldırılması üçün səkilər, piyada keçidləri, işıqforlar və dayanacaqlar əlaqəli şəkildə planlaşdırılmalıdır.
“Yerüstü Nəqliyyat Agentliyi ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin koordinasiyalı fəaliyyəti piyada hərəkətinin daha təhlükəsiz təşkilinə kömək edə bilər. Yeraltı və yerüstü keçidlərin yaxınlığında əlçatan piyada keçidlərinin yaradılması da nəzərdən keçirilməlidir”, - deyə o vurğulayıb.
Ekspert bildirib ki, ictimai nəqliyyatın inkişafının tıxacların azaldılmasında mühüm rol oynayır. Avtobus zolaqları və mikromobillik infrastrukturu genişləndirilməli, metro və şəhərətrafı elektrik qatarları arasında rahat keçid imkanları yaradılmalıdır. Gələcəkdə relsli nəqliyyat şəbəkəsinin və qatar parkının genişləndirilməsi də sərnişinlərin hərəkət imkanlarını artıra bilər.
Ekspert qeyd edib ki, şəhərətrafı ərazilərdən gələn sakinlərin şəxsi avtomobillərini şəhərin girişində saxlayaraq ictimai nəqliyyatla səfərlərini davam etdirməsi üçün şərait yaradılmasını da təklif edib. Belə yanaşma şəxsi avtomobillərdən asılılığın azalmasına və nəqliyyat axınının müxtəlif nəqliyyat növləri arasında bölüşdürülməsinə kömək edə bilər. Ağamirzəyev Bakıdakı piyada infrastrukturundan danışarkən Nərimanov metrosunun ətrafında görülən işlərə də toxunub. O bildirib ki, ərazidə piyada əlaqələrinin yaxşılaşdırılması müsbət addımdır. Bununla yanaşı, Əhməd Rəcəbli küçəsi kimi böyük iş mərkəzlərinin yerləşdiyi ərazilərdə də piyadaların hərəkətinə mane olan baryerlərin aradan qaldırılmasına ehtiyac var.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında ictimai nəqliyyatın inkişafı və piyada infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulub. Proqramın əsas hədəflərindən biri 2030-cu ilədək ictimai nəqliyyatın ümumi sərnişindaşımada payını 40 faizə çatdırmaqdır”, - deyə nəqliyyat eksperti fikirlərini yekunlaşdırıb.

