Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Elvin Nəsirov Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının 2026/2027-ci tədris ili üzrə qalibi olub.
“Tehsil365” xəbər verir ki, O, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetində “Menecment və idarəetmə” ixtisası üzrə doktorantura təhsili almaq hüququ qazanıb.
Bununla yanaşı, BMU məzunu Rusiya Federasiyası Hökumətinin təqaüd proqramı çərçivəsində keçirilən “Open Doors” Beynəlxalq Olimpiadanın qalibi olub. O, bu ölkənin Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) aspirantura səviyyəsində oxumaq imkanı əldə edib.
Elvin Nəsirov elmi fəaliyyətini və akademik inkişafını təqaüd proqramı çərçivəsində Qazaxıstanda davam etdirmək niyyətindədir. Doktorantura təhsili alacağı Avrasiya Milli Universiteti QS World University Rankings 2027 beynəlxalq reytinqində dünya üzrə 338-ci yerdə qərarlaşıb.
BMU-da “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavriat, 2026-cı ildə isə “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsilini müvəffəqiyyətlə başa vuran Elvin Nəsirov elmi fəaliyyətini uğurla davam etdirib. Onun indiyə qədər dərc olunan 11 elmi məqaləsinin 7-si Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi jurnallarda, digər məqalələri isə beynəlxalq və respublika səviyyəli elmi konfransların materiallarında işıq üzü görüb.
BMU məzunu peşəkar inkişaf istiqamətində də bir sıra uğurlar qazanıb. O, Oksford Universitetinin peşəkar inkişaf proqramı çərçivəsində “AI and Digital Transformation in Government” kursunu, həmçinin Microsoft Office Specialist: Excel Expert (MO-211) sertifikatlaşdırma imtahanını uğurla tamamlayıb. Bundan əlavə, International Education Research Certificate Center (IEEC) tərəfindən keçirilən “International Project Management” imtahanından müvəffəqiyyətlə keçib.
Elvin Nəsirovun əldə etdiyi nailiyyətlər BMU-da qazandığı akademik bilik və təcrübənin, eləcə də apardığı elmi fəaliyyətin uğurlu nəticəsidir.

