29 oktyabr 2026-cı il tarixində Bişkek şəhərində Milli Qəbul imtahanlarının 25 illiyinə həsr olunmuş “Bərabər şans – böyük gələcək!” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Qırğız Respublikasının Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyi ilə Maarif Nazirliyinin dəstəyi və Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət İmtahan Mərkəzini Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və “Abituriyent” jurnalının Baş redaktorunun birinci müavini Afiqə Batıyeva təmsil ediblər.
“Tehsil365” xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi öz rəsmi hesabında paylaşım edib.
Bildirilib ki, tədbirdə müasir qiymətləndirmə yanaşmaları, milli sistemlərin inkişafı, test proseslərinə rəqəmsallaşma və süni intellektin tətbiqi mövzusunda müzakirələr aparılıb.
Konfransın rəsmi açılışında çıxış edən N.Əliyev Qırğız Respublikasının Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin heyətini yubiley münasibətilə təbrik edib, həmçinin Azərbaycanda mərkəzləşdirilmiş imtahan sisteminin inkişafı, buraxılış və qəbul imtahanlarının təşkili mexanizmləri, eləcə də tətbiq olunan psixometrik təhlil üsulları barədə ətraflı məlumat verib.
Tədbirin davamında “Məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və imtahan modellərinin məzmununun inkişaf dinamikası” mövzusunda təqdimatla çıxış edən A.Batıyeva yeni kurikulumların tətbiqi dövründə dərsliklərin qiymətləndirilməsi meyarları və imtahan məzmununun təkamülü barədə iştirakçıları məlumatlandırıb.
Eyni zamanda, tədbirin sonunda təhsil və qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın, xüsusilə Türk dünyası test mərkəzləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

