30 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadə tərəfindən Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluqçularının rotasiyası və digər dövlət qulluğu vəzifəsinə keçirilmə” mövzusunda təlim keçirilib.
“Təhsil365” xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzi öz rəsmi vebsaytında məlumat paylaşıb.
Bildirilib ki, təlim zamanı iştirakçılara dövlət qulluqçularının rotasiyasının hüquqi əsasları, rotasiyanın təşkili və həyata keçirilməsi, dövlət qulluqçularının digər vəzifələrə keçirilməsi qaydaları, rotasiya olunan dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial təminatları, eləcə də rotasiya komissiyasının fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib. Həmçinin dövlət qulluqçularına ödənilən aylıq kompensasiyaların və birdəfəlik ödənişlərin verilməsi qaydaları izah olunub.
Təlim çərçivəsində rotasiya prosesinin tətbiqi ilə bağlı praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

