Oktyabrın 29–30-da Belarusun paytaxtı Minsk şəhərində “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XIII Beynəlxalq Konqres keçirilir. Dünyanın müxtəlif ölkələrindən kitabxana mütəxəssisləri və ekspertləri bir araya gətirən tədbirin builki mövzusu “Mədəniyyətdə qadının rolu”dur.
“Tehsil365” xəbər verir ki, Konqres Belarusun Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilir.
Tədbirin proqramında qadınların mədəniyyət, elm və təhsil sahələrinə töhfəsi, kitabxana təhsili və kitabxanaşünaslığın aktual problemləri, elektron informasiya resurslarının və xidmətlərinin inkişafı, eləcə də kitabxanaların cəmiyyətdə və ictimai həyatda rolu əsas müzakirə mövzuları sırasındadır.
İki gün davam edən konqres çərçivəsində plenar iclaslar, tematik panel müzakirələri, dəyirmi masalar, seminarlar və təlimlər təşkil olunur. Proqrama həmçinin rəqəmsal kolleksiyaların yaradılması, sənədlərin rəqəmsallaşdırılması və qorunması ilə bağlı praktiki təqdimatlar, nəşriyyat məhsulları və elektron informasiya resurslarının sərgisi daxildir.
XIII Beynəlxalq Konqresdə Azərbaycanı Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova təmsil edir.
O, “Azərbaycan Milli Kitabxanası: Milli yaddaşın rəqəmsal gələcəyi” adlı məruzəsində ölkənin sənəd irsinin qorunması, kitabxananın rəqəmsal resurslarının genişləndirilməsi və informasiya xidmətlərinin ictimaiyyət üçün əlçatanlığının artırılması istiqamətində görülən işlərdən bəhs edib.
Təqdimatda müasir milli kitabxanaların dəyişən rolu da diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün kitabxanaların fəaliyyəti ənənəvi fondların qorunması ilə məhdudlaşmır, rəqəmsal transformasiya və beynəlxalq informasiya mübadiləsi də onların əsas fəaliyyət istiqamətlərinə çevrilir.
Məruzədə elektron kataloqların hazırlanmasında və biblioqrafik qeydlərin tərtibində süni intellektdən istifadə məsələsinə xüsusi yer ayrılıb. Ədibə İsmayılova bildirib ki, süni intellekt alətləri biblioqrafik məlumatların MARC 21 standartının müvafiq sahələri üzrə strukturlaşdırılmasına, ad variantlarının müəyyənləşdirilməsinə, açar sözlərin və predmet rubrikalarının seçilməsinə kömək edə bilər.
Bununla yanaşı, vurğulanıb ki, süni intellekt peşəkar kitabxanaçı və biblioqrafları əvəz etmək məqsədi daşımır. Əksinə, onun hazırladığı məlumatlar dəqiqliyin və etibarlılığın təmin edilməsi üçün ixtisaslı mütəxəssislər tərəfindən yoxlanılmalı və təsdiqlənməlidir.
Təqdimatda nadir kitabların, dövri nəşrlərin və digər qiymətli sənədlərin rəqəmsallaşdırılmasının əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, bu proses Azərbaycanın sənəd irsinin qorunmasına, elmi araşdırmalar və akademik tədqiqatlar üçün həmin mənbələrin daha əlçatan olmasına şərait yaradır.
Beynəlxalq konqresdə Azərbaycan, Belarus, Qırğızıstan, Özbəkistan, Rusiya, Sloveniya, Oman, Hindistan, Çin, Kuba, Mali, Myanma, Bolqarıstan, İndoneziya və bir sıra digər ölkələrin nümayəndələri iştirak edirlər.

